Halit Kanak: "TDT ölkələrinin daxili ticarət həcmi istənilən səviyyədə deyil"

Biznes
  • 30 oktyabr, 2025
  • 12:26
Halit Kanak: TDT ölkələrinin daxili ticarət həcmi istənilən səviyyədə deyil
Halit Kanak

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə potensialı çox böyükdür, lakin daxili ticarət həcmi hələ də istənilən səviyyədə deyil.

"Report" xəbər verir ki, bunu Türk Dünyası Federasiyası və Türk Dünyası Dayanışma və Yardımlaşma Təşkilatının sədri Halit Kanak Bakıda keçirilən Avrasiya Françayzinq Forumunda bildirib.

Onun sözlərinə görə, hazırda təşkilata üzv 8 müstəqil Türk dövləti 4 milyon 242 min kvadrat kilometr ərazidə 180 milyon əhalini əhatə edir: "Bu qədər böyük coğrafiyaya və resursa malik olsaq da, üzv dövlətlərin öz aralarında ticarət dövriyyəsi hələ də kifayət qədər zəifdir. 2024-cü ilin göstəricilərinə görə, Türk dövlətlərinin bir-biri ilə ticarət dövriyyəsi cəmi 53 milyard ABŞ dolları təşkil edib. Halbuki bu rəqəm ən azı 400 milyard ABŞ dollar olmalıdır," – deyə H.Kanak vurğulayıb.

O bildirib ki, 10 il əvvəl üzv ölkələr arasında ticarət dövriyyəsi cəmi 10 milyard ABŞ dolları olub: "2021-ci il noyabrın 12-də Türk Dövlətləri Təşkilatı təsis edildikdən sonra bu göstərici artsa da, 2024-cü ildə yalnız 53 milyard ABŞ dollarına yüksəlib".

H. Kanak vurğulayıb ki, təkcə 2024-cü ildə Türk dövlətlərinin ümumi idxalı 656 milyard ABŞ dolları təşkil edib: "Bu qədər böyük idxal rəqəmlərinə baxmayaraq, aramızdakı ticarət dövriyyəsinin cəmi 53 milyard ABŞ dollarında qalması qəbuledilməzdir. Biz özümüzü kiçik və gücsüz görməməliyik. Əksinə, iqtisadi birliyimizi möhkəmləndirməli, qarşılıqlı ticarəti və istehsalı artırmalıyıq".

O sahibkarları və sənayeçiləri daha sıx əməkdaşlığa çağırıb: "Hansı sahədə məhsula, xammala, texnologiyaya və ya dəstəyə ehtiyac varsa, ilk növbədə qardaş ölkələr arasında alış-veriş edilməlidir. Əgər bu məhsul və ya xidmət Türk dövlətlərində mövcud deyilsə, yalnız bundan sonra üçüncü ölkələrə üz tutmaq olar".

Son xəbərlər

Bütün Xəbər Lenti