"Enterprise Azerbaijan" və "Licorne Gulf Qatar" arasında Anlaşma Memorandumu imzalanıb
- 17 sentyabr, 2025
- 16:11

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Enterprise Azerbaijan" portalı və "Licorne Gulf Qatar" şirkət arasında tərəfdaşlığa dair Anlaşma Memorandumu (MOU) imzalanıb.
"Report" bu barədə Mərkəzə istinadən xəbər verir.
Məlumata görə, sənədi portalın rəhbəri İsa Qasımov və "Licorne Gulf Qatarın prezidenti və həmtəsisçisi İrina Duisimbekova imzalayıb. Memorandum startapların beynəlxalq investisiya mənbələrinə çıxışının dəstəklənməsini, yaşıl texnologiyalar və rəqəmsal həllərin tətbiqini, innovasiya və sahibkarlıq ekosistemlərinin inkişafını, eləcə də digər birgə təşəbbüslərin həyata keçirilməsini və strateji tərəfdaşlıq imkanlarının genişləndirilməsini nəzərdə tutur.
"Enterprise Azerbaijan" Prezident İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Portalın əsas məqsədi ölkənin investisiya cəlbediciliyini artırmaq, iqtisadi inkişaf üçün alternativ maliyyələşmə mənbələrindən istifadə imkanları yaratmaqdır.
"Licorne Gulf Qatar" – "Licorne Gulf Holding"in bir hissəsidir. 27 ildir Səudiyyə Ərəbistanı, Bəhreyn və Qətərdə fəaliyyət göstərən "Licorne Gulf" İ.Duisimbekova və Aleksandr Katranginin rəhbərliyi ilə Avropa futboluna mühüm maliyyə töhfələri və Körfəz regionunda sənaye layihələrinə yatırımları ilə tanınır. Bu layihələr "CAC40" və "Fortune 500" şirkətləri ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir. Holdinq kral ailələri və tanınmış ailə biznesləri arasında təsiri ilə məşhur olmaqla, mürəkkəb şəbəkələr və strateji alyanslar vasitəsilə böyük həcmli əməliyyatlara şərait yaradır. Son mühüm təşəbbüslərdən biri isə "Institut Choiseul" ilə birgə Qətərdə "Choiseul Arabian Gulf" adlı ortaq müəssisənin yaradılması olub.