Ekspert: "Rusiya Ermənistanı qanunsuz ticarət aparmağa təhrik edir"

Biznes
  • 03 sentyabr, 2025
  • 12:26
Ekspert: Rusiya Ermənistanı qanunsuz ticarət aparmağa təhrik edir

Rusiya Qərbin tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün Ermənistanı qanunsuz ticarət aparmağa təhrik edir.

"Report" xəbər verir ki, bunu hüquqşünas-ekspert Bayram Sadıqov Ermənistanın şübhəli idxal-ixrac əməliyyatlarının iqtisadi təhlilinə dair brifinqdə bildirib.

Onun sözlərinə görə, BMT Baş Assambleyasının 28 yanvar 2002-ci ildə qəbul etdiyi qətnamənin "Beynəlxalq hüquqa zidd hərəkətlərə görə dövlətlərin məsuliyyəti" bölməsinin "Başqa bir dövlətin hərəkəti ilə əlaqədar bir dövlətin məsuliyyəti" başlıqlı IV fəslindəki "Başqa bir dövlətin beynəlxalq hüquqazidd əməlini törətməsinə rəhbərlik edən və nəzarəti həyata keçirən dövlət, bu əmələ görə beynəlxalq məsuliyyət daşıyır" kimi müddəası Rusiyaya birbaşa şamil edilməlidir: "Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə cavab olaraq ona qarşı görünməmiş miqyasda genişmiqyaslı sanksiyalar tətbiq edib. Ümumilikdə bu günə qədər Rusiyaya qarşı 20 minə yaxın müxtəlif sanksiyalar tətbiq olunub. Bu sanksiyalara əlavə olaraq, limana giriş qadağaları, uçuş qadağaları, ixrac/idxal qadağaları (məsələn, minerallar, taxta-şalban, dəbdəbəli mallar, yanacaq, mədəni mallar, qızıl, qiymətli metallar və s.), investisiya, ödənişlər və kapitalın hərəkətinə qadağalar, turizm sektoruna məhdudiyyətlər, müdafiə sahəsində əməkdaşlıq qadağaları, təhsillə bağlı məhdudiyyətlər də tətbiq edilir".

Ekspert qeyd edib ki, sanksiyaların pozulması ölkədən və pozuntunun ağırlığından asılı olaraq həm inzibati, həm də cinayət məsuliyyəti, o cümlədən cərimələr, həbs və əmlakın müsadirəsi ilə nəticələnə bilər: "Məsələn, Avropa İttifaqında sanksiyalardan yayınma həbslə cəzalandırılır. ABŞ-də isə sanksiya rejimini pozmaq uzun müddətli azadlıqdan məhrum edilməklə nəticələnən federal cinayətdir. Ümumiyyətlə, sanksiyaların pozulması mühüm hüquqi nəticələrə səbəb ola biləcək ciddi pozuntulardır".