Dövlət Vergi Xidmətinin yeni strategiyasının əsas hədəfi diqqətə çatdırılıb
- 03 noyabr, 2025
- 14:22
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 25 illiyi münasibətilə qurumun Şamaxıdakı Tədris Mərkəzində media nümayəndələri üçün "Azərbaycanın vergi sistemi – retrospektiv baxış (2000–2025-ci illər) və gələcək inkişaf strategiyası (2025–2028-ci illər)" mövzusunda iki günlük təlim və müsabiqə keçirilib.
"Report" xəbər verir ki, ölkənin aparıcı media qurumlarının nümayəndələrin iştirakı ilə keçirilən tədbirin məqsədi son 25 il ərzində vergi sistemində aparılmış islahatlar, əldə olunmuş nəticələr və qarşıdakı illər üçün nəzərdə tutulan prioritet istiqamətlər barədə ətraflı məlumat verməkdən ibarət olub.
Təlim çərçivəsində Tədris Mərkəzinin şöbə rəisi İmran Qarayev və Vergi siyasəti baş idarəsinin şöbə rəisi Niyaz Şükürov təqdimatlar keçirib. Çıxışlarda 2000–2025-ci illərdə vergi sisteminin institusional inkişaf mərhələləri, elektron xidmətlərin formalaşması, vergi inzibatçılığında şəffaflıq və səmərəliliyin artırılması istiqamətində görülən işlər, həmçinin "Dövlət Vergi Xidmətinin 2025–2028-ci illər üzrə Strategiyası"nın əsas hədəfi diqqətə çatdırılıb. Təlim iştirakçıları vergi orqanları ilə media arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, ictimaiyyətin düzgün məlumatlandırılması, vergi mədəniyyətinin təşviqi mövzularında da fikir mübadiləsi aparıblar.
Sonda media nümayəndələri arasında müsabiqə təşkil olunub. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.