Azərbaycan və Rumıniya media sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəlib
- 03 noyabr, 2025
- 19:50
Azərbaycan nümayəndə heyəti Rumıniyaya səfər çərçivəsində bu ölkənin parlament binasında senator Kristian-Avqustin Nikulesku-Tağârlaşın rəhbərlik etdiyi senator qrupu ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov və nümayəndə heyətinin digər üzvləri iştirak ediblər.
Görüşdə iki ölkə arasında institusional dialoqun gücləndirilməsi, media və bu sferanın hüquqi tənzimlənməsi sahəsində təcrübə mübadiləsi, eləcə də informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizə məsələləri müzakirə olunmuşdur.
MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov media sahəsində həyata keçirilən islahatlar, bu təşəbbüslərin hüquqi bazası, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində görülən işlərdən bəhs edərək bildirib ki, media resurslarının rəqəmsal informasiya mühitinə inteqrasiyası, innovativ həllərin tətbiqi, süni intellektin istifadəsində hüquqi və etik çərçivələrin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. O, həmçinin bu sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Audiovizual Şuranın sədri İsmət Səttarov Azərbaycanın audiovizual siyasəti, media tənzimləmə təcrübəsi və son illərdə həyata keçirilən islahatlar barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan media mühitinin şəffaflığını artırmaq, rəqəmsal yayımı inkişaf etdirmək və ictimai yayımın müstəqilliyini gücləndirmək istiqamətində mühüm addımlar atılıb.
Görüş zamanı Rumıniya tərəfi ölkənin media və hüquq sahəsindəki qanunvericilik təcrübəsini təqdim edib. Bildirilib ki, Rumıniya audiovizual tənzimləmə, mətbuat azadlığı, dezinformasiyanın qarşısının alınması və rəqəmsal məkanın idarə olunması istiqamətində Avropa İttifaqının tələblərinə uyğun qanunvericilik çərçivəsini təkmilləşdirob.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev çıxışında Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi layihələrdən və informasiya təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərdən bəhs edib. O, Rumıniya ilə bu istiqamətdə qarşılıqlı əməkdaşlığın regional media sabitliyinə və qarşılıqlı etimada töhfə verəcəyini qeyd edib.
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov çıxışında iki ölkə arasında strateji tərəfdaşlığın yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də informasiya və kommunikasiya müstəvisində dərinləşdiyini qeyd edib. O bildirib ki, belə görüşlər Azərbaycan-Rumıniya münasibətlərinin humanitar və institusional əsaslarını daha da möhkəmləndirir.
Eyni zamanda, senator Kristian-Avqustin Nikulesku-Tağârlaş bir neçə gün öncə Rumıniya parlamentinin prezidenti Mircea Abrudeanın Azərbaycana rəsmi səfərinə və onun Prezident İlham Əliyev tərəfindən qəbul olunmasına toxunub. O, bu görüşü iki ölkə arasında strateji əməkdaşlığın yüksək səviyyədə inkişaf etməsinin bariz təzahürü kimi qiymətləndirib.
Görüşdə həmçinin Cənubi Qafqazda sülh təşəbbüsləri, Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun fəaliyyəti, enerji və media diplomatiyası, eləcə də informasiya məsuliyyətinin artırılması və təbliğata qarşı mübarizə kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda senator Kristian-Avqustin Nikulesku-Tağârlaş görüşün nəticələrini yüksək qiymətləndirərək bildirib ki, Rumıniya və Azərbaycan arasında hüquqi və media əməkdaşlığı Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək. Tərəflər gələcəkdə bu istiqamətdə birgə təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəliblər.