DGK rəsmisi: "Azərbaycan regionda yeni bir logistika modelini yaradır"

Biznes
  • 08 dekabr, 2025
  • 13:07
DGK rəsmisi: Azərbaycan regionda yeni bir logistika modelini yaradır

Azərbaycanda beynəlxalq tranzit sistemlərinə qoşulmaq üçün dövlət qurumları ilə birgə işlər görülür.

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Aparat rəhbərinin müavini Kənan Əsədov "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, ticarət axınlarının fasiləsiz hərəkəti yalnız texniki infrastrukturdan deyil, həm də rəqəmsallaşmadan asılıdır: "Orta Dəhliz boyu ticarət axınlarının, logistikanın artdığını görürük və bu, ümumiyyətlə regionda yeni bir logistika modelini yaradır. Bu modelin yaranması zamanı ticarət axınlarında ödənişlərin edilməsi, zəmanət sisteminin olması çox vacibdir. Bu nöqteyi-nəzərdən, hazırda Azərbaycanın bir çox qurumlarının birgə iştirakı ilə ticarət axınlarının və tranzitin sürətlənməsi və şaxələnməsi yönündə birgə islahatlar aparılır və beynəlxalq tranzit sistemlərinə qoşulmaq üçün birgə işlər görülür".

O qeyd edib ki, zəmanət sisteminin formalaşacağı təqdirdə, bu, ilk növbədə bank sferasında daha da fəallığa gətirib çıxaracaq: "Söhbət təkcə tranzit nöqteyi-nəzərdən deyil, həm də idxal baxımından beynəlxalq zəmanət sistemindən, beynəlxalq standartdan gedir. Biz bu beynəlxalq standartların tətbiqi istiqamətində addımlayırıq".

Son xəbərlər

Bütün Xəbər Lenti