Çenq Kimlonq: "Cənub-Şərqi Asiya qlobal iqtisadi inkişafın regional mərkəzinə çevrilir"
- 09 sentyabr, 2025
- 14:43

Asiya regionu təchizat zənciri əməkdaşlığı və inteqrasiyası sahəsində böyük inkişaf potensialına malikdir.
"Report" xəbər verir ki, bunu Kambocanın Asiya Vizyonu İnstitutunun prezidenti Çenq Kimlonq (Chheng Kimlong) AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən "Yaşıl və rəqəmsal transformasiya şəraitində təchizat zənciri" panelində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu prosesin əsas istiqamətlərindən biri "yaşıl enerji" transformasiyası, böyük əhali resurslarının düzgün istifadəsi və region ölkələrinin artan iqtisadi dinamizminə adaptasiya olunmaqdır:
"Asiya dünyanın ən sürətlə inkişaf edən qitələrindən biridir. Burada Cənub-Şərqi Asiya qitəvi inkişafın aparıcı regional güc mərkəzinə çevrilir və bu inkişaf böyük iqtisadiyyatlar, o cümlədən Çin tərəfindən dəstəklənir".
C.Kimlonq əlavə edib ki, yüksələn iqtisadiyyatlara uyğunlaşmaq və zamanında reaksiya vermək vacibdir:
"Artan rəqəmsallaşma, regional əməkdaşlıq, infrastrukturun inkişafı və sərhədlərarası məlumat axını fonunda əsas diqqət ticarətin asanlaşdırılması, dövriyyəli və bərpa olunan iqtisadiyyatın təşviqi, davamlı materiallardan istifadənin genişləndirilməsi, həmçinin süni intellektin dayanıqlılığın təmin olunmasına inteqrasiyası üzərində cəmləşməlidir".