Çexiya şirkəti Azərbaycan bazarına unikal təmizləmə texnologiyaları ilə daxil olmaq niyyətindədir

Biznes
  • 10 sentyabr, 2025
  • 12:21
Çexiya şirkəti Azərbaycan bazarına unikal təmizləmə texnologiyaları ilə daxil olmaq niyyətindədir

Çexiya şirkəti Azərbaycan bazarına unikal təmizləmə texnologiyaları ilə çıxmaq niyyətindədir. 

Bunu "Report"a Çexiyanın "Mega AS" şirkətinin nümayəndəsi Mixayıl Yirdasek Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week"də (Bakı Su Həftəsi) çərçivəsində bildirib. 

Onun sözlərinə görə, "Mega AS" dünyada elektromembran texnologiyaları üçün şəxsi membranlarını istehsal edən yeganə şirkətdir: "Bazardakı iki əsas rəqiblərimizdən fərqli olaraq biz həm su təmizlənməsi, həm də yeyinti sənayesi üçün elektromembran texnologiyaları istehsal edirik". 

Azərbaycan bazarında hələ təmsil olunmadıqlarını deyən şirkət nümayəndəsi, ölkəmizdə əsas fokusun təqdim edəcəkləri məhsuların maksimal dərəcədə ekoloji təmiz olmasına yönələcəyini bildirib: "Hədəfimiz minimal kimyəvi məhlul istifadə etməklə suyun maksimal dərəcədə bərpasına nail olmaqdır. Bizim texnologiyalarla su təmizləmə prosesinin sıfırdan yaradılmasına ehtiyac yoxdur. Mövcud infrastrukturda zəif nöqtələri yeniləmək və yaxşılaşdırmaqla müvafiq sistem yaradılır. Gördüyümüz kimi yeni layihələr elə də çox deyil, tələblər isə həm köhnə həm də yeni zavodlar üçün eyni olduğuna görə əsas fəaliyyəti artıq mövcud olan xətlərin yaxşılaşdırmasına yönəldəcəyik. Bu həm də iqtisadi cəhətdən səmərəlidir. Belə ki, əgər xətt artıq mövcuddursa onun modernləşdirilməsi əhəmiyyətli maliyyə vəsaiti tələb etmir".

M. Yirdasek qeyd edir ki, şirkətin texnologiyaları maksimal dərəcədə kompakt və modul tipli olması isə xərclərin müəyyən zaman kəsiyində paylaşdırılmasına imkan verir:  "Belə ki, sifarişçi əvvəl iki modul alıb, müəyyən müddət sonra onların yaxşı işlədiyini görüb əlavə modullar sifariş edə bilərdi. Adətən məhz bu cür də olur",- deyə o əlavə edib.