Bakıda C6 əməkdaşlığının iqtisadi ölçüsü barədə müzakirələr aparılıb

Biznes
  • 18 fevral, 2026
  • 14:06
Bakıda C6 əməkdaşlığının iqtisadi ölçüsü barədə müzakirələr aparılıb

Bakıda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanın (C6) əməkdaşlığının iqtisadi ölçüsü barədə müzakirələr aparılıb.

"Report" xəbər verir ki, müzakirələr "C6: Vahid region, ortaq gələcək – Strateji dialoqun gücləndirilməsi" çərçivəsində baş tutan "Əlaqəlilik və inkişaf: C6 əməkdaşlığının iqtisadi ölçüsü və dayanıqlı inkişaf" adlı paneldə baş tutub.

Müzakirələrdə "Trans-Xəzər regionu və Orta Dəhliz: sinergiya, yoxsa rəqabət", "C6 ölkələrinin enerji baxımından qarşılıqlı tamamlayıcılığı investisiyalar və maneələr", mövzularında, infrastruktur, tənzimləmə, geosiyasət, regional əlavə dəyər zəncirlərinin potensialı barədə fikir mübadiləsi olub.

Beynəlxalq Mərkəzi Asiya İnstitutunun direktoru Javlon Vahabov deyib ki, son 3 ildə Orta Dəhlizlə Azərbaycan ərazisindən yükdaşımalar 90 % artıb. O qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda Özbəkistanın yüksək səviyyədə etibarlı münasibətlər qurduğu ilk ölkə olub və ikitərəfli dialoq statusu müttəfiqlik münasibətləri səviyyəsinə çatdırılıb.

"Avrasiya inkişafı" Mərkəzi Asiya ekspert klubunun idarə heyətinin üzvü Komroni Hidoyatzoda isə bildirib ki, Azərbaycanla əməkdaşlıq Tacikistan üçün əsas xarici siyasət istiqamətlərindən biridir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə isə çıxışında Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinə, qarşılıqlı investisiya qoyuluşlarına toxunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin Beynəlxalq nəqliyyat əməliyyatları sektorunun müdiri Aytən Turabova Bakı Beynəlxalq Dəniz Limanının yükötürmə qabiliyyətinin 25 milyon tona, konteyner tutumunun isə 500 min TEU-ya çatdırılacağını diqqətə çatdırıb, həmçinin əlavə edib ki, son illər ölkədə yeni avtomobil yolları salınıb, əsas yol infrastrukturu yenilənib.

Paneldə müzakirələr sual-cavabla davam etdirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti