Azərbaycanda səhiyyə təşkilatlarında keyfiyyət idarəetməsi üzrə yeni standart qəbul edilib
- 15 sentyabr, 2025
- 11:37

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO 7101:2025 "Səhiyyə təşkilatının idarə edilməsi – Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri – Tələblər" dövlət standartını qəbul edib.
"Report" bu barədə AZSTAND-a istinadən xəbər verir.
Yeni dövlət standartı səhiyyə müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müştəri məmnuniyyətinin təmin olunması və idarəetmə proseslərinin səmərəliliyinin artırılması məqsədilə keyfiyyətin idarə olunması sistemlərinə dair tələblər və meyarları müəyyən edir.
Sözügedən dövlət standartının layihəsini "Keyfiyyət Assosiyasiyası" İctimai Birliyi ISO 7101:2023 "Səhiyyə təşkilatının idarə edilməsi – Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri – Tələblər" (Healthcare organization management – Management systems for quality in healthcare organizations – Requirements) beynəlxalq standartı əsasında hazırlayıb və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə razılaşdırıb. Nəticədə, "Uyğunluğun qiymətləndirilməsi" standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müvafiq qaydada təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.