Azərbaycan və Qazaxıstan ixracyönümlü layihələr hazırlayır - EKSKLÜZİV
- 30 oktyabr, 2025
- 13:53
 
                            
                            
                        Azərbaycan və Qazaxıstan ərazisində ixracyönümlü investisiya layihələrinin həyata keçirilməsi imkanı nəzərdən keçirilir.
Bunu "Report"a açıqlamasında "QazTrade" Ticarət Siyasətinin İnkişafı Mərkəzinin icraçı direktoru Aynur Amirbekova Bakıda keçirilən Avrasiya Françayzinq Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz tam gücü ilə işləməyə başlayan kimi sabit mal axınının təmin edilməsi lazım gələcək. "Hazırda Qazaxıstandan ixrac, Azərbaycandan idxal istiqamətləri, həmçinin tranzit marşrutları formalaşdırılır. Qazaxıstan artıq təkliflər paketi formalaşdırıb və hazırda azərbaycanlı tərəfdaşlardan oxşar təşəbbüslər daxil olur. Bu, hər iki ölkənin daxili bazarlarında məhsulları pərakəndə satış, distribusiya, françayzinq və yeni layihələrin başlanması vasitəsilə tanıtmağa imkan verəcək", - A.Amirbekova qeyd edib.
Qonaq əlavə edib ki, müxtəlif ölkələrdən Azərbaycan məhsullarının ixracına dair müraciətlər aktiv mərhələdədir: "Azərbaycan 15 ticarət platformasında pavilyonlar açıb. Bu təcrübə bizdə böyük maraq doğurub və bu istiqamətdə əməkdaşlıq etmək istərdik", - "QazTrade"in icraçı direktoru vurğulayıb.
A.Amirbekovanın sözlərinə görə, əsas məqsədlərdən biri iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına qədər artırılmasıdır. "Bununla əlaqədar biz hazırda iki ölkənin müəssisələrinin birgə məhsullarının inkişafına yönəlmiş konkret dəstək tədbirlərinin hazırlanması üzərində işləyirik", - o bildirib.
"QazTrade"in nümayəndəsi hesab edir ki, uğurun əsas hissəsi davamlı ticarət əlaqələrində əsas alətə çevriləcək Orta Dəhlizin inkişafından asılıdır. O, həmçinin deyib ki, hazırda "QazTrade" və KOBİA arasında tərəfdaşlıq layihələrinin inkişafını və təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlıq memorandumu həyata keçirilir.
