Azərbaycan müəssisələrinin 9%-ə yaxın tikinti sektorunda fəaliyyət göstərir
- 14 oktyabr, 2025
- 11:48

Tikinti sektoru Azərbaycan iqtisadiyyatında mühüm rol oynayır, qeyri-neft-qaz sektorunun inkişafında əhəmiyyətli bir sahədir.
"Report" xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev paytaxtda keçirilən 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisində ("Baku Build-2025") və 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh – 2025") bildirib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı davamlı artım nümayiş etdirir: "2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 95 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çox ümumi daxili məhsul istehsal olunub. O cümlədən, iqtisadiyyatın qeyri-neft sektorunda 2,9 % artım olub. Bu, dövlətin və özəl sektorun birgə fəaliyyətinin real nəticəsidir. Eyni zamanda ümumi daxili məhsulun ümumi dəyərinin 6,8 %-i tikinti sektorunun payına düşür. Ölkədə qeydiyyatdan keçən müəssisələrin 19 000-dən çoxu və yaxud 8,7 %-i isə məhz tikinti sektorunda fəaliyyət göstərir. Bu sektorun iqtisadi artıma töhvəsi dövlətin infrastruktur layihələrinə və özəl sektorda həyata keçirilən tikinti işlərinə olan investisiyaların artması ilə müşahidə olunur".
M.Musayev əlavə edib ki, işğaldan azad olmuş ərazilərə Böyük Qayıdış Proqramı artıq praktik müstəvidə həyata keçirilir: "Yalnız son iki il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yüzlərlə infrastruktur layihələri həyata keçirilib, o cümlədən hava limanları, avtomobil yolları, dəmir yolları və enerji mərkəzləri istifadəyə verilib. Əhalinin məşğulluğu və sahibkarlıq fəaliyyəti üçün münbit şərait yaradılıb, on minlərlə yeni iş yerlərinin açılması planlaşdırılır. Qarabağın "yaşıl zona" elan olunması, alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı layihələr Azərbaycanın "yaşıl enerji" ixracatçısı olacağına dair inamı daha da möhkəmləndirir. Bu gün beynəlxalq investorların 2 milyard ABŞ dollarından çox investisiya paketi "yaşıl enerji" layihələrinə yönəldilir".