Sabirabad Sənaye Məhəlləsində istehsal olunan gübrə ixrac ediləcək
- 29 oktyabr, 2025
- 09:20
Sabirabad Sənaye Məhəlləsində fəaliyyət göstərən "Humix" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) aqrokimyəvi vasitələrin istehsalı müəssisəsində istehsal olunacaq gübrələr ixrac da ediləcək.
"Report"un Sabirabada ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) İdarə Heyəti sədrinin müşaviri Tural Abdullazadə məlumat verib.
Onun sözlərinə görə, "Humix" MMC-yə 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib:
"Müəssisədə orqanik mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr istehsal olunur. Türkiyə, Çin və yerli texnologiya əsasında fəaliyyət göstərən müəssisənin illik istehsal gücü 18 min ton gübrə təşkil edir. Burada istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilməklə yanaşı, ixrac da ediləcək. Müəssisədə 16 nəfər daimi işlə təmin olunub".
T.Abdullazadə bildirib ki, investisiya məbləği 1,45 milyon manat olan müəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 497 min manat güzəştli kredit ayrılıb və investisiya təşviqi sənədi verilib.
Müşavir xatırladıb ki, Sabirabad Sənaye Məhəlləsi dövlət başçısının 2017-ci ildə imzaladığı Sərəncamla yaradılıb:
"Məhəllənin ümumi ərazisi 20,3 hektardır. Məhəllə sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi üçün zəruri infrastrukturla təmin olunub. İndiyədək burada 8 rezident qeydiyyatdan keçib və fəaliyyətə başlayıb. Ümumilikdə sənaye məhəlləsində 100-dən çox iş yeri yaradılıb. Rezidentlər tərəfindən sənaye məhəlləsinə 10 milyon manatdan çox investisiya qoyulub".