Məcnun Məmmədov: "Kənddə alternativ iş imkanlarının yaradılmasına ehtiyac var"

ASK
  • 13 noyabr, 2025
  • 14:51
Məcnun Məmmədov: Kənddə alternativ iş imkanlarının yaradılmasına ehtiyac var
Məcnun Məmmədov

"Kənddə yaşayan hər kəs kənd təsərrüfatı ilə məşğul olmalıdır" anlayışından uzaqlaşmaq lazımdır.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı sektorunda əsas hədəf məhsuldarlığın artırılmasıdır:

"Məsələ daha çox sahə əkib, daha çox adam işlətməkdə deyil. Əsas məqsəd işçi əmsalını və əmək məhsuldarlığını yüksəltməkdir. Kənd Təsərrüfatı Nazirliyinin siyasəti məhz bu istiqamətdə qurulub. Biz sahəyə və hektara düşən məhsuldarlığı artırmağa çalışmalıyıq".

M. Məmmədov vurğulayıb ki, kənddə yaşayan hər kəsin yalnız aqrar fəaliyyətlə məşğul olması düzgün yanaşma deyil:

"Kəndlərdə alternativ məşğulluq imkanları yaradılmalıdır. Bu istiqamətdə sənaye, turizm, logistika kimi sahələri nümunə göstərə bilərik. Əks halda, kənd təsərrüfatına yalnız bu prinsiplə yanaşmaq qeyri-effektiv nəticələrə gətirib çıxarır".

Nazir qeyd edib ki, hazırda Azərbaycanda bir təsərrüfata orta hesabla 1,7 hektar torpaq sahəsi düşür və bu, fermerin ailəsini il ərzində dolandırması üçün kifayət etmir:

"Bizim hesablamalarımıza əsasən, fermerin minimum gəlir əldə etməsi üçün orta sahə 9 hektar olmalıdır. Dörd nəfərlik ailənin illik minimum gəliri təxminən 14 min manat təşkil edir. Bu məbləği qazanmaq üçün fermerin 9 hektar sahəyə sahib olması vacibdir. Əgər söhbət taxılçılıqdan gedirsə, bu göstərici 33 hektara qədər yüksəlir. Meyvəçilikdə isə kifayət qədər gəlir əldə etmək üçün 3-5 hektar sahə yetərlidir. 1,7 hektar ilə 33 hektar arasında fərqi görürük - bu, çox ciddi məsələdir və reallığı dərk etməliyik".

Son xəbərlər

Bütün Xəbər Lenti