Məcnun Məmmədov Gürcüstanın aqrar müəssisələrinin fəaliyyəti ilə tanış olub

ASK
  • 27 noyabr, 2025
  • 17:51
Məcnun Məmmədov Gürcüstanın aqrar müəssisələrinin fəaliyyəti ilə tanış olub

Gürcüstanda rəsmi səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu ölkənin bir sıra kənd təsərrüfatı təyinatlı müəssisələrinin fəaliyyəti ilə tanış olub.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Kartli regionundakı şərabçılıq müəssisəsinə baş çəkən Azərbaycan nümayəndə heyətinə burada Kartli regionuna məxsus Chinuri, Goruli Mtsvane, Tavkveri, Shavkapito yerli üzüm sortlarından şərablar istehsal olunduğu barədə məlumat verilib. İstehsal olunan şərablar palıd çəlləklərində saxlanılaraq "Saguramo" brendi ilə yerli və beynəlxalq bazarlarda satılır. Şərabçılıq müəssisəsi ilə tanışlıq zamanı müəssisənin gələcək hədəfləri, dövlət tərəfindən üzümçülük sahəsinə və şərab istehsalına göstərilən dəstək, kiçik şərab müəssisələrində şərabların keyfiyyətinin artırılması istiqamətində atılan addımlar və beynəlxalq bazarlara çıxış imkanları barədə müzakirələr aparılıb.

Gürcüstanın Kənd Təsərrüfatı Elmi-Tədqiqat Mərkəzinin nəzdində fəaliyyət göstərən Tingçilik Mərkəzi ilə tanışlıq zamanı bu müəssisənin ölkənin ən böyük aqrar tədqiqat bazası kimi fəaliyyət göstərdiyi qeyd edilib. Mərkəz meyvə tingçiliyi, calaqaltı istehsalı, yerli sortların qorunması və dekorativ bitkilərin yetişdirilməsi, həmçinin heyvandarlıq və akvakultura istiqamətləri üzrə elmi tədqiqatlar aparır. Mərkəzdə alma, armud, gilas, şaftalı, üzüm və digər çoxillik meyvə növləri üçün sertifikatlı ting və calaqaltı istehsal olunur. Mərkəzlə tanışlıq zamanı ölkədə ting istehsalı, sertifikatlaşma, yerli sortların qorunub saxlanması, çoxaldılması və regionlar üzrə adaptasiyasına dair fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti həmçinin ölkənin un məmulatları istehsalı sektorunda fəaliyyət göstərən yerli şirkətlərin və iri heyvandarlıq müəssisəsinin fəaliyyəti ilə tanış olub, istehsal prosesinin təşkili, xammal və yem təminatının təşkili, məhsuldarlığın artırılması, istehsal prosesinin gücləndirilməsi və digər mövzularla bağlı təcrübələrini bölüşüblər.

Son xəbərlər

Bütün Xəbər Lenti