İlhamə Qədimova: "Kənd təsərrüfatı klassik modeldən transformativ mərhələyə keçid edir"
- 23 iyun, 2026
- 13:38
Kənd təsərrüfatı klassik modeldən transformativ mərhələyə keçir.
"Report"un Saatlıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" yeni inkişaf modelidir: "Bu proqram layihə əsaslıdır və konkret hədəflərə yönəlmiş layihələri özündə ehtiva edir. Həmin layihələrdə sahibkarların iştirakı əsas şərtlərdən biridir. Sahibkarlar bu layihələrdə iştirak etmək üçün özləri təşəbbüs göstərməlidirlər. Onların prosesdə iştirakı sahədə, təbii ki, böyük əhəmiyyət daşıyır. Biz dövlət tərəfindən nəzərdə tutulan dəstəklərin sahəyə nə dərəcədə təsir göstərəcəyini də qiymətləndiririk. Lakin sahibkarların da bu prosesə fəal şəkildə qoşulması vacibdir".
Nazir müavini bildirib ki, eyni zamanda, Dövlət Proqramı müəyyən bir transformasiyanı ehtiva edir: "Kənd təsərrüfatı sektoru mövcud vəziyyətdən, yəni hazırkı komponentlərdən növbəti mərhələyə keçməlidir. Çünki kənd təsərrüfatına olan tələbat artır. Bununla yanaşı, iqlim dəyişiklikləri sahə üçün yeni çağırışlar və təzyiqlər yaradır. Ölkədə və dünyada baş verən proseslər də bu sektora təsirsiz ötüşmür. Bu səbəbdən kənd təsərrüfatını artıq klassik mənada düşünmək mümkün deyil. Yeni transformativ kənd təsərrüfatı isə bir sıra əsas istiqamətləri əhatə edir. İlk növbədə, müasir və innovativ texnologiyaların tətbiqini nəzərdə tutur. Çünki bu gün məhsuldarlığın artırılması yalnız bu yolla mümkündür. Eyni zamanda, iqlim dəyişikliklərinə adaptasiya olunan kənd təsərrüfatı modelini ehtiva edir. Bu reallığı artıq nəzərə almamaq mümkün deyil. Mövcud torpaq və su resurslarından daha səmərəli istifadə yolları da bu modelin əsas tərkib hissəsidir. Bu, həm iqlim dəyişikliklərinə uyğunlaşmanı təmin edir, həm də məhsuldarlığın artırılmasına şərait yaradır".
O qeyd edib ki, rəqəmsallaşma isə artıq kənd təsərrüfatının ayrılmaz hissəsinə çevrilir: "Əgər məqsəd fermerlərin gəlirliliyini artırmaqdırsa, dəyər zəncirinin formalaşdırılması da əsas hədəflərdən biridir. Bu, təkcə istehsalı deyil, istehsalla yanaşı emalı, eləcə də əlaqəli sahələrin inkişafını nəzərdə tutur. Nəticədə fermerlərin gəlirliliyi artır və sektor daha dayanıqlı inkişaf edir".