Balıqçılıq və Akvakultura Mərkəzi fəaliyyəti istiqamətlərini açıqlayıb

ASK
  • 19 dekabr, 2025
  • 11:07
Balıqçılıq və Akvakultura Mərkəzi fəaliyyəti istiqamətlərini açıqlayıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzi öz fəaliyyətində iki əsas strateji istiqamət müəyyən edib.

"Report" xəbər verir ki, bunu Mərkəzin direktoru Ceyhun Əliyev Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər mövzusunda mətbuat konfrasında bildirib.

Birinci əsas istiqamət balıq ovunun daha dayanıqlı, nəzarətli və elmi əsaslarla həyata keçirilməsinin təmin edilməsidir. İkinci əsas istiqamət isə ölkədə akvakultura sahəsinin inkişaf etdirilməsi, müasir texnologiyaların tətbiqi, istehsal potensialının artırılması və akvakultura təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasıdır", - deyə o qeyd edib.

C.Əliyevin sözlərinə görə, su bioresurslarının dayanıqlığının təmin edilməsi, ehtiyatlarının bərpası, qorunması və obyektiv elmi qiymətləndirilməsi dayanıqlı idarəetmənin əsas şərtlərindən biridir: "Bu səbəbdən, 13–23 oktyabrda balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə elmi ekspedisiya həyata keçirilib. Ekspedisiya Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə uğurla baş tutub, Xəzər dənizində və ölkənin daxili su hövzələrində balıq ehtiyatlarının qiymətləndirilməsi aparılıb".

"Xəzərdə aparılan ekspedisiya zamanı kilkə, siyənək, kütümə və ağ qızılbalıq növləri üzrə elmi-tədqiqat işləri həyata keçirilmiş, daxili su hövzələrində isə çapaq, dabanbalıq, krevetka, kütümə, naxa, sazan, sıf, şamayı və xoşəm növlərinin faktiki vəziyyəti qiymətləndirilib. Tədqiqatlar çərçivəsində qeyd olunan balıq növlərinin çəki göstəriciləri, bədən uzunluğu və daxili orqanlarının morfoloji xüsusiyyətləri ətraflı şəkildə öyrənilib. Əlavə olaraq Xəzər dənizində müasir ultrasəs-sonar sistemlərdən istifadə olunaraq, balıq sürülərinin miqrasiya marşrutları, sıxlıqları, növ tərkibləri öyrənilib.

Ekspedisiya zamanı balıq nümunələrindən əlavə zooplankton və fitoplankton nümunələrinin toplanılması xüsusi metodlar vasitəsilə həyata keçirilmişdir. Su nümunələri Xəzər dənizində müxtəlif nöqtələrdən, 10 m və 25 m olmaqla iki fərqli dərinlik üzrə götürülmüş, Nazirliyin tabeliyində Baytarlıq Elmi-Tədqiqat İnstitutunda laborator analiz olunub. Bu qiymətləndirmələrin nəticələri həm cari ilin faktiki göstəricilərinin təhlil edilməsində, həm də qarşıdakı illər üçün planlaşdırılan buraxılış tədbirlərinin müəyyən edilməsində əsas baza rolunu oynayıb", - deyə nazirlik rəsmisi əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti