Azərbaycan azot gübrəsinin ixracından qazancını 45 %-ə yaxın artırıb
- 16 dekabr, 2025
- 18:27
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 521 min 011,3 ton azot gübrəsi ixrac edilib.
"Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu ilin 11 ayında ixrac olunan azot gübrəsinin dəyəri 163 milyon 404,49 min ABŞ dolları təşkil edib.
Öən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 1,8 %, həcmi isə 44,9 % artıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında azot gübrəsinin payı 4,93 % təşkil edir. Bu ilin 11 ayının qeyri-neft sektoru üzrə ixracında payı isə 0,7 % təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.
Karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.