ASF: Fermerlər üzüm sahələrinə görə 168 min manat sığorta ödənişi alıb

ASK
  • 16 sentyabr, 2025
  • 17:22
ASF: Fermerlər üzüm sahələrinə görə 168 min manat sığorta ödənişi alıb

Aqrar Sığorta Fondu (ASF) indiyədək üzüm sahələrinə dəyən zərərlərə görə fermer və təsərrüfatlara 168 min 182 manat sığorta ödənişi həyata keçirib.

"Report" ASF-ə istinadən xəbər verir ki, bu ödənişlər Şamaxı, İsmayıllı, Beyləqan, Tovuz və Qax rayonlarının fermerlərinə edilib. Ən böyük ödəniş - 154 min 420 manat - Şamaxı rayonunun üzüm sahələrinə dəyən zərərə görə edilib.

Fond bildirir ki, üzüm sahələri təbiət hadisələri (dolu, fırtına, qasırğa, sel-subasma, leysan yağışları), vəhşi heyvan və quşların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən sığortalanır.

Üzüm aqrar sığorta tərəfindən leysan riskindən təminat verilən üç məhsuldan biridir. Bu siyahıya pambıq və gilas da daxildir.

Dolu nəticəsində yaranan keyfiyyət itkisi məhsulun bazar görünüşünün korlanması və satış qiymətinin düşməsi deməkdir. Bu halda, sığortalanmış təsərrüfatın zərəri fond tərəfindən ödənilir. İndiyədək üzüm sahələrinə ən böyük zərər məhz dolu nəticəsində qeydə alınıb.

Xatırladaq ki, əkin sahələri və meyvə bağlarının, o cümlədən üzüm bağlarının sığortası zamanı sığorta haqqının 50 %-i dövlət tərəfindən qarşılanır. Bu səbəbdən fermerlər üzüm bağlarını çox az xərc qarşılığında sığortalaya bilirlər.

Məsələn: 1 000 manatlıq üzüm məhsulunun sığortası Cəlilabad, Salyan, Neftçala rayonlarında cəmi 10 manata, Tovuz, Şəmkir, Qazax rayonlarında 32 manata, Şamaxı, Ağsu, İsmayıllıda isə 15,7 manata başa gəlir.

ASF vasitəsilə üzüm məhsulu ilə yanaşı, həmçinin üzüm tingləri və bar verən üzüm ağacları da sığortalanır. Hazırda ümumilikdə 41 bitki üzrə məhsul və əkin sahələri aqrar sığorta çərçivəsində təminata alınır.

Son xəbərlər

Bütün Xəbər Lenti