Yaxın Şərq münaqişəsinin həllində Türkiyənin rolu – Sülh sammitində imza - ŞƏRH
- 15 oktyabr, 2025
- 09:56

Yaxın Şərqdə oktyabrın 13-də tarixi gün yaşandı. ABŞ, Misir, Qətər və Türkiyə liderləri Şarm əş-Şeyxdə keçirilən sammitdə vasitəçilərin iştirakı ilə əldə edilmiş və əvvəllər Donald Tramp tərəfindən təklif olunmuş 20 bənddən ibarət sülh planına əsaslanan "Qəzza zolağında atəşkəs haqqında" saziş imzaladılar.
ABŞ Prezidenti Donald Tramp Zirvə toplantısında iyirmiyə yaxın dünya liderinə müraciətində hadisəni belə dəyərləndirdi: "Birlikdə hamının mümkün saymadığı bir şeyə nail olduq. Nəhayət, Yaxın Şərqdə sülh bərqərar olub".
Təminatçı dövlətlərdən biri olaraq Türkiyənin sənədi imzalaması rəsmi Ankaranın son 24 ildə yürütdüyü xarici siyasətin uğurunun təzahürüdür. Donald Trampın həmkarı Rəcəb Tayyib Ərdoğan barəsində dedikləri də bunu təsdiqləməyə imkan verir. ABŞ Prezidenti Türkiyə liderinin Ukraynada da münaqişənin həllində kömək edə biləcəyini istisna etməyib, çünki "Rusiya ona hörmət edir".
ABŞ Prezidenti Ərdoğanı "dostum" adlandırıb. "Mən zəiflərlə dil tapmıram. Mən güclülərlə dil tapıram", - o deyib. Bununla Ağ Evin başçısı Ərdoğanın güclü olduğunu etiraf edib. Sözügedən sənəd imzalanmazdan əvvəl Donald Tramp Türkiyə liderinə təşəkkür edərək deyib: "O, bizi heç vaxt çətin vəziyyətdə qoymayıb. Onun ordusu deyildiyindən daha güclüdür. Son hadisələrə baxsanız, onun qalib gəldiyini görərsiniz. Ancaq heç bir tərifə ehtiyacı yoxdur. O, sərt adamdır, lakin mənim dostumdur və mən ona ehtiyac duyanda həmişə yanımda olub. Buna görə də Prezident Ərdoğana təşəkkür etmək istəyirəm".

ABŞ, Türkiyə, Misir və Qətərin imzaladığı niyyət sənədinin təxmini məzmunu belədir:
- Biz, irqindən, dinindən və ya etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin dözümlülük, ləyaqət və imkanların bərabərliyi əsasında öz arzularını sülh, təhlükəsizlik və iqtisadi rifah içində gerçəkləşdirə biləcəyi bir regionu hədəfləyirik;
- Biz, qarşılıqlı hörmət və ortaq tale prinsiplərinə əsaslanan regionda sülh, təhlükəsizlik və ümumi rifahın hərtərəfli baxışını hədəfləyirik. Bu ruhda biz Qəzza zolağında hərtərəfli, davamlı sülhün qurulmasında əldə edilən tərəqqini və İsraillə onun regional qonşuları arasında dostluq və qarşılıqlı faydalı münasibətləri alqışlayırıq;
- Biz gələcək nəsillərin sülh içində inkişaf edə biləcəyi ilhamverici təməlləri qurmaq üçün birlikdə işləməyi öhdəmizə götürürük;
- Biz davamlı sülh gələcəyinə sadiqik.
Bu sənədi Yaxın Şərq ölkələri arasında münasibətlərin normallaşması, inkişafı, əməkdaşlığı, habelə İsraillə əlaqələrin qurulması, onun və Fələstin dövlətinin tanınması üçün "yol xəritəsi" də saymaq olar. Bu həm də yeni Yaxın Şərqin qurulması istiqamətində iştirakçı, təminatçı dövlətlərin birgə fəaliyyəti və əməkdaşlığı üçün əsasnamə sayıla bilər.
Türkiyə bu prosesin aparıcı memarlarından biri olur.
Prezident Ərdoğan bildirib ki, Türkiyə Qəzza zolağında sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün bütün lazımi səyləri göstərib. O, bölgədə atəşkəs haqqında sazişin qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Prezident atəşkəsin reallaşması və davamlı olması üçün Türkiyənin üzərinə düşən məsuliyyətə əməl edəcəyini də qeyd edib:
"Qəzzada soyqırımı vəziyyətinə qayıtmanın qiyməti çox yüksək olacaq. Region, xüsusilə də Qəzza qandan, qırğından və göz yaşlarından yorulub. Sülhə şans vermək və təxribatdan qaçmaq lazımdır".

Bunu Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqlə bağlı çağırışı da adlandırmaq olar. Çünki Qəzzadakı vəziyyət bütövlükdə regionda sabitliyi pozub, təhlükəsizliyi təhdid edib, əməkdaşlığa, əlaqələrə problem yaradıb.
Şarm əş-Şeyx Sülh Sammiti bu kimi problemlərin aradan qalxması üçün ümid verir. Donald Trampın təbirincə desək, Yaxın Şərq üçüncü dünya müharibəsinin başlayacağı yer olmadı.
Türkiyə də yeni Yaxın Şərqin qurulmasında da aparıcılardan biri olur. Bu ərazilər yüz illərlə Osmanlı dövləti tərəfindən idarə edilib. Ötən yüz ildə onun varisi Türkiyə bölgədə baş verənlərlə bağlı yalnız bəyanatlar verirdi. Başqa sözlə, sanki Yaxın Şərqin fəal aktorları sırasında yer almırdı.
1990-cı illərdən sonra Türkiyədə yeni sosial, siyasi, iqtisadi mənzərə yaranmağa başlayıb. 2001-ci ildə cümhuriyyətin siyasi elitasında baş verən inqilabi dəyişiklik, Ədalət və İnkişaf Partiyasının ovaxtkı konstitusiya əsasında hökuməti təkbaşına formalaşdırması ilə cümhuriyyətin həyatında, 1985-1990-cı illərin termini ilə ifadə etsək, yenidənqurma və aşkarlıq baş verdi. Türkiyənin aparıcı dünya dövləti olması üçün, ilk növbədə, ölkənin ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini təhdid edən daxili, xarici qüvvələr, qrupların zərərsizləşdirilməsinə başlanıldı.
Terrorçuların İraq və Suriyadakı düşərgələri, sığınacaq yerləri dağıdıldı. Xeyli sayda terrorçu zərərsizləşdirildi. Bununla yanaşı, beynəlxalq ictimaiyyət, o cümlədən dünyanın aparıcı gücləri ilə terrora qarşı mübarizənin mahiyyətinə dair diplomatik danışıqlar aparıldı. Bu ona İraqda, Suriyada antiterror əməliyyatları keçirməyə və həmin ölkələrlə sərhədyanı ərazilərdə bufer zonaların yaranmasına imkan verdi. ABŞ-nin başçılıq etdiyi beynəlxalq koalisiyada İŞİD terrorçu qruplaşmasına qarşı mübarizədə Türkiyənin təmsil olunması onun regiondakı problemlərin həllində iştirakına təkan verdi.
2010-cu ilin sonlarından Yaxın Şərqdə və Afrikanın şimalında vüsət alan "ərəb inqilabı" Türkiyəni diqqət mərkəzinə gətirdi. İnqilab baş verən müsəlman ölkələri Türkiyədəki cümhuriyyətə oxşar idarəetmə sistemi qurmaq istədiklərini gizlətmirdilər. Rəsmi Ankara bu istiqamətdə islahatlar aparmaq üçün onlara yardım etməkdə maraqlı olduğunu da gizlətmirdi.
Rəcəb Tayyib Ərdoğan Tunisə səfərində Türkiyənin regional marağını açıqladı. O, Aralıq dənizində də, Liviyada da geri addım atmayacaqlarını, başladıqları işi davam etdirəcəklərini bildirmişdi. Rəsmi Ankara Liviyanın başqaları tərəfindən işğalına, habelə oranın terror bazasına çevrilməsinə imkan vermədi.
Türkiyə Aralıq dənizinin şərqində mövcudluğunu təmin etdi. Liviyada mərkəzi hökuməti müdafiə etməklə orada da gücünü nümayiş etdirdi. Suriyada Bəşşar Əsəd rejiminin devrilməsində də cümhuriyyət üzərinə düşəni etmişdi. 2024-cü il dekabrın 8-də Əhməd əş-Şaraanın başçılıq etdiyi silahlılar, onlarla birlikdə Suriya Müdafiə Ordusu hakimiyyətə gəldi. Onlara ilk dəstəyi Türkiyə verdi. Bütün bunlar, eləcə də cümhuriyyətin Suriyada münaqişənin həllində atdığı addımlar Yaxın Şərqdə siyasi, hərbi, sosial vəziyyətin dəyişməsinə təkan verdi.
Bu arada, xarici qüvvələrin əlində oyuncağa çevrilmiş, region ölkələrində şəbəkələşən PKK terror qruplaşmasının özünü buraxdığını elan etməsi də münaqişələrin həlli baxımından önəmli fəaliyyət sayılır. Suriyadakı müvəqqəti hakimiyyətin formalaşması, PKK-nın bu ölkədəki qolları YPG-PYD-nin yaratdığı "Suriya Demokratk Gücləri" qruplaşmasının silahsızlaşdırılması, yaxud rəsmi silahlı qüvvələrə inteqrasiya olunmasında da rəsmi Ankaranın rolu az deyil.
Türkiyənin uğur qazanmasında başlıca şərt beynəlxalq hüquqa əməl etməsidir. O, ölkələrin ərazi bütövlüyü və suverenliyini müdafiə edir. Terrora, onu himayə edənlərə qarşı mübarizə aparır.
Rəsmi Ankara Yaxın Şərqin başlıca problemi - İsrail-Fələstin münaqişəsinin dinc, danışıqlar yolu ilə həllinə tərəfdar olub. Bu baxımdan, Fələstinin ərazi bütövlüyünü müdafiəsi, Qəzza zolağının mühasirədən çıxması Ərdoğan hakimiyyətinin başlıca tezislərindən olub.

2010-cu ilin mayında "Mavi Marmara" gəmisinin zolağa humanitar yardım aparması aksiyası da bu arada yada düşür. Üç sərnişin və üç yük gəmisində təxminən 700 ictimai fəal Qəzza zolağının sakinləri üçün 10 min ton humanitar yük (dərmanlar, ərzaq və tikinti materialları) aparmışdı. Ancaq İsrail Müdafiə Ordusunun onlara qarşı keçirdiyi əməliyyat nəticəsində doqquz fəal ölmüş, 30-u yaralanmışdı. Bu, Türkiyə ilə İsrail arasında böhrana səbəb olmuşdu. Rəsmi Ankaranın münasibətlərin normallaşması üçün İsrail hökumətindən hadisəyə görə üzr istəməsi və zərərçəkənlərə kompensasiya verilməsi tələbi yerinə yetirilmişdi.
Sonrakı hadisələr Türkiyənin bu məsələdə də doğru mövqedə olduğunu təsdiqlədi.
Türkiyənin Qəzza zolağı, Fələstin məsələsində aparıcı olması həm də Türk Dövlətləri Təşkilatı timsalında Türküstanın (Mərkəzi Asiya), Cənubi Qafqazın və Yaxın Şərqin əməkdaşlığı, əlaqələri inkişafı üçün yeni səhifə açır.

Türkiyənin Yaxın Şərqdəki nüfuzunu keçirilən rəy sorğuları da təsdiqləyir. Vaşinqtonun "Pew Research Center" tədqiqat mərkəzi tərəfindən keçirilmiş sorğunun nəticələrinə əsasən, Türkiyə Yaxın Şərqdə böyük təsiri olan ikinci dövlətdir. Sorğunun nəticələrinə görə, respondentlərin 64 faizi Rusiyanın, 63 faizi Türkiyənin, 62 faizi ABŞ-nin, 53 faizi İranın, 46 faizi İsrailin, 41 faizi Səudiyyə Ərəbistanının, 19 faizi isə Misirin regionda təsir gücünə malik olduğunu bildiriblər. Sorğu bu il fevralın 27-si aprelin 25-i tarixləri arasında Türkiyə, Tunis, Livan, İordaniya və İsraildən olan 6 204 respondenti əhatə edib.
Osmanlıdan sonra kölgədə qalan, saxlanılan Türkiyə artıq böyüyür. Münaqişələrin həllində aparıcı söz sahiblərindən biri olur. Qəzza zolağındakı sülh sazişinə imza atan dörd dövlətdən biri olması bunu bir daha isbat edir.