Trampın Venesuela planı - yeni aksiyanın başlaması üçün ödənilən şərtlər - ŞƏRH
- 24 oktyabr, 2025
- 16:32
ABŞ Prezidenti Donald Tramp ötən gün tezliklə Venesuelada narkokartellərə qarşı "yerüstü əməliyyatlar"a başlayacaqlarını vəd edib. Onun sözlərinə görə, bu kartellər ABŞ-yə qarşı müharibə elan edib: "İndi biz onlara müharibə elan edirik".
Ağ Evdə mətbuat konfransında jurnalistin "Venesuela ilə müharibə elan etmək üçün ABŞ Konqresindən icazə istəyəcəksiniz" sualına cavab olaraq isə Tramp bildirib ki, Venesuelada quru əməliyyatlara qarşı çıxmayacaq. Onun sözlərinə görə, Venesueladan ölkəyə narkotik gətirən insanlara qarşı əməliyyatlar təkcə dənizdə deyil, həm də qurudan həyata keçirilə bilər: "Düşünmürəm ki, biz mütləq müharibə elan etmək üçün icazə istəyəcəyik. Düşünürəm ki, biz sadəcə ölkəmizə narkotik gətirən insanları öldürəcəyik".
Bununla yanaşı, Tramp Venesuela sərhədinə "B-1" bombardmançılarını göndərdiklərinə dair mediada yayılmış məlumatları da təkzib edib: "Yox, bu, yalandır. Amma biz Venesueladan bir çox səbəblərə - məsələn, narkotiklərə görə narazıyıq".
Bununla da Donald Tramp Vaşinqtonun Latın Amerikasının bu ölkəsindən "çox narazı" olduğunu gizlətməyib.
Bir neçə gün əvvəl isə o, Venesuelada məxfi əməliyyatlar aparmaq üçün Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) səlahiyyət verməsi barədə məlumatları təsdiqləyib.
"MKİ-yə Venesuelaya getməyə niyə icazə verdiniz" sualını Donald Tramp belə cavablandırmışdı: "Əslində, mən buna iki səbəbdən icazə verdim: Birincisi, onlar həbsxanalarını boşaldıb və məhbusları Ştatlara göndəriblər. İkincisi narkotikdir. Venesueladan bizə çoxlu narkotik gəlir. Onun çoxu dəniz yolu ilə gəlir. İndi biz quru daşımalarını nəzərdən keçiririk, çünki dəniz bizim nəzarətimizdədir".
Bununla da ABŞ-nin Venesuelaya qurudan əməliyyat başlayacağına aydınlıq gəlir. Çünki Ştatların artıq dənizə nəzarət imkanları var. Son həftələrdə ABŞ hərbçiləri Karib dənizində narkotik daşıdığı ehtimal edilən gəmilərə qarşı ən azı beş zərbə endiriblər, nəticədə 27 nəfər həlak olub. Donald Tramp həmin hadisə nəticəsində Venesueladan olan 11 "narkoterrorçunun" öldürüldüyünü də bildirib.
Bu halda suallar yaranır - ABŞ Venesueladan nə istəyir? Bunlar Nikolas Maduro hakimiyyətinə təzyiqdir? Antinarkotik əməliyyatı uğurla davam edərsə, siyasi dəyişikliyə çevrilə bilər?
Son 30 ildə ABŞ-Venesuela gərginliyi bütövlükdə Karib dənizi hövzəsini əhatə edir. Bir zamanlar Ştatlarla Kuba arasında yaşanmış problemlər sanki Venesuelada davam edir. Belə ehtimal olunur ki, Vaşinqton-Karakas qarşıdurması yalnız narkotik ticarəti ilə bağlı münaqişə deyil. Düzdür, bu, ABŞ-nin ictimai, təhlükəsizlik və kriminal həyatına çox ciddi təsir edən hadisədir. Məsələn, Donald Tramp tez-tez "Tren-de-Aragua" adlı beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın adını çəkir. Venesueladan olan bu "təşkilat" ölkəsində və Latin Amerikasında ən böyük qruplaşmalardandır.
Onun 5 mindən çox üzvü olduğu iddia edilir. Başçısı "Ninyo Gerrero" ləqəbi ilə tanınan Hektor Rastenford Gerrero Floresdir. Yarandığı vaxtdan bu banda öz fəaliyyətini Venesuela, Birləşmiş Ştatlar və Latin Amerikanın yeddi ölkəsi boyunca genişləndirib. Bir sıra ölkədə ona qarşı mübarizə prioritet olub. 2023-cü ildə "Tren-de-Aragua" bandalarının uzun müddət de-fakto nəzarət etdiyi və qərargah kimi istifadə etdiyi Tokoron həbsxanası Venesuela təhlükəsizlik qüvvələri tərəfindən hücuma məruz qalsa da, 400-500 məhbus Ninyo Gerrero ilə birlikdə qaça bilmiş və bandanın fəaliyyəti bu günə qədər davam edir.
Odur ki, birinci hədəf, yaxud görünən tərəfin bu kimi narkokartellər olduğu müsbət qəbul edilir.
Ancaq ikinci hədəf qarşıdurmanın mahiyyətini daha aydın göstərir. Karib hövzəsində çox böyük neft yataqları var. Onların əsas hissəsinə Venesuela nəzarət edir. Odur ki, bu ehtiyatlar uğurunda mübarizənin getdiyi istisna olunmur.
Venesuela Prezidenti Nikolas Maduronun sosialist rejiminin dünyanın ən böyük neft ehtiyatlarına sahib olması narahatedici sayılır. Hesab edilir ki, bu qarşıdurma ideoloji qarşıdurmadan daha böyükdür. Analitiklərin fikrincə, o, regionda enerji resursları, bazarlar və geosiyasi təsir uğrunda ən yüksək səviyyədə rəqabəti əks etdirir. Çünki Qayanada neft yataqları aşkarlandıqdan sonra Maduro hakimiyyəti ona qarşı ərazi iddiaları ilə çıxış etməyə başlayıb. Bu da geosiyasi baxımdan Vaşinqton-Karakas qarşıdurmasını gücləndirən amillərdən sayılır.
Qeyd edək ki, 2015-ci ildən bəri Qayanada neft hasilatının həcmi dayanmadan artır. ABŞ Qayanaya diplomatik və öz enerji şirkətlərinin milyardlıq investisiyalarını qorumaq üçün hərbi dəstək göstərir. Orada ABŞ-nin "ExxonMobil" və "Chevron" şirkətləri daha fəal işləyir. Ölkədə neft hasilatı gündə təxminən bir milyon barelə çatır.
Yaranmış vəziyyətdən faydalananlardan biri Çin olub. Karakas neftinin əsas hissəsini böyük endirimlə Pekinə satır, daşınması üçün "kölgə donanması" adlanan vasitədən istifadə edir.
Çin nefti sərfəli qiymətə alır və artıq gələcəkdə təchizatını təmin etmək üçün tədbirlər görür.
Venesuela mediasının məlumatına görə, ölkə ilə Çinin "China Concord Resources Corp." (CCRC) şirkəti əməkdaşlıq sazişi imzalayıb. Bu çərçivədə 2026-cı ilin sonunadək bəzi yataqlar günlük neft hasilatını beş dəfə artıraraq 60 min barelə çatdıracaq.
Karakas ABŞ sanksiyalarının təsirini azaltmaq məqsədi ilə enerji ehtiyatlarını aşağı qiymətə sataraq ehtiyaclarını qismən ödəyir. Bu ona Latın Amerikasında mövqeyini gücləndirməyə imkan verir.
Nikolas Maduro yenidən ABŞ və Avropa bazarlarına çıxış əldə edərsə, o zaman Çin regionda öz təsirini itirə bilər. Habelə, Avropa Rusiya və İran neftindən azad olar.
Son zamanlar Venesuela lideri Avropa ölkələrinə müraciət edir. O, avropalıları ABŞ-nin sanksiyalarına məhəl qoymadan ölkəsinə gəlməyə çağırır: "Bura azaddır. Gəlin, istehsal edin, lisenziyalı, yaxud onsuz işləməyə davam edin".
ABŞ Çini regiondan sıxışdırmaqla Karibdə siyasi, iqtisadi və hərbi üstünlük əldə etmə imkanını gücləndirər.
Bütün bu mülahizələrin uğurla reallaşması üçün, ilk növbədə, Venesuelada hakimiyyətin yenilənməsi, Uqo Çavesdən qalma siyasi-ideoloji xəttin dəyişməsi vacibdir. Yaxud Nikolas Maduronun strateji tərəfdaşlarını Qərbin xeyrinə dəyişməsi gündəliyə gələr. Təbii ki, ikinci variant hələ mümkün sayılmır. Çünki Maduro rejimi son illər keçirilən prezident və parlament seçkilərində müxalifəti məğlub edərək siyasi kursu, mövqeyini və tərəfdaşlarını dəyişmək istəmədiyini nümayiş etdirib.
Sonuncu prezident seçkisində müxalifət nümayəndəsi 74 yaşlı Edmundo Qonsales Urrutia 44,2, Maduro isə 51,2 faiz səs toplamışdı. ABŞ müxalifət liderini prezident olaraq tanısa da, bu, Venesuela ilə ABŞ arasındakı problemi, qarşıdurmanı həll etmədi.
Bu baxımdan, ABŞ-nin narkokartellərə qarşı mübarizəsi Venesuelada siyasi hadisələrin qızışmasına da səbəb ola bilər. Çünki Nikolas Maduro ilə narkotacirlərin əlaqələrinin olduğu da iddia edilir. O isə bildirib ki, Venesuelada koka plantasiyaları və ya narkotik laboratoriyaları yoxdur və yaxın gələcəkdə ölkə ərazisindən narkotik tranziti tamamilə bağlanacaq.
Venesuela lideri bildirib ki, Cənubi Amerikadan gələn kokainin 87 faizi Kolumbiya, Ekvador və Perudan Sakit Okean vasitəsilə, 8 faizi Kolumbiyanın La Quajira departamentinin Karib dənizi sahilləri ilə, cəmi 5 faizi isə Venesuela ərazisindən daşınmağa cəhd edilib, bunun da 70 faizi ələ keçirilib: "Venesuela tezliklə öz ərazisindən narkotik tranzitini tamamilə əngəlləyəcək".
Bu arada yada Nobel sülh mükafatının 2025-ci ildəki qalibi siyasətçi Maria Corina Maçado düşür. Çoxları elə zənn edirdi ki, builki mükafat Donald Trampa veriləcək. Ancaq Venesuela müxalifətinin 57 yaşlı lideri Maçadonun laureat elan edilməsi başqa mətləblərə dair ehtimalların yaranmasına da səbəb olub. O, 2011-2014-cü illərdə ölkəsinin Milli Assambleyasının deputatı olub, 2012-ci ildə keçirilmiş prezident seçkisində iştirak edib. Perspektivdə onun Venesuelada müxalifətin vahid lideri olması şansı çoxdur.
Bu baxımdan, ABŞ-nin Venesuelada aparacağı narkokartellərə qarşı mübarizə əməliyyatının siyasi hadisələrə təsiri də ola bilər. Çünki Ağ Ev Venesuela kimi neftlə zəngin ölkəni Çinin ixtiyarına verə bilməz. Bu, açıq-aydın ÇXR-in iqtisadiyyatının güclənməsinə yardım sayılar. Odur ki, Venesuelada yeni aksiyanın başlaması üçün bütün şərtlər ödənir.