Trampın Britaniyaya səfəri – dünyanın yeni hadisələrə hazırlığı - ŞƏRH
- 18 sentyabr, 2025
- 15:56

ABŞ Prezidenti Donald Tramp sentyabrın 16-da Böyük Britaniyaya dövlət səfəri edib. O, tarixdə krallığa ikinci dövlət səfərinə layiq görülən ilk ABŞ lideri olub. Donald Tramp bu dəvəti "böyük şərəf" adlandırıb.
O, prezidentliyinin birinci dövründə - 2019-cu ildə Birləşmiş Krallığa ilk dövlət səfəri etmişdi. Britaniyanın Baş naziri Kir Starmer fevral ayında kralı III Çarlzdan Donlad Trampa bir qeyd verərək onu bu ölkəyə ikinci rəsmi səfərə dəvət etmişdi. Baş nazir bu dəvəti "həqiqətən tarixi" adlandırdı.
İkinci dəfə prezident seçilən ABŞ prezidentləri ənənəvi olaraq Britaniyaya rəsmi dövlət səfəri dəvətnaməsi almırlar. Bunun yerinə, keçmiş prezidentlər Barak Obama və Corc Buş dövründə olduğu kimi, kralla (kraliça) çay süfrəsi və ya nahara dəvət olunurlar.
Tramp bu səfər zamanı və hakimiyyətinin birinci dövründə Britaniya ilə bağlı bir sıra davranış və çıxışları ilə yadda qalmışdı. Ən mübahisəli anlardan biri onun Bukinqem sarayında dövlət ziyafəti zamanı əlini kraliça II Elizabetin belinə qoyması idi. Bu hərəkətə kraliça sakit reaksiya versə də, kral adət-ənənələrinin pozulması hesab edilirdi. Çünki kral və ya kraliça tərəfindən başlanmadığı təqdirdə fiziki təmas protokola ziddir.

Həmin dövrdə Donald Tramp Britaniya siyasəti haqqında tənqidi fikirlər bildirərək ovaxtkı Baş nazir Tereza Meyin "Brexit" (Britaniyanın Avropa İttifaqından çıxması) strategiyasını açıq şəkildə tənqid etmişdi. Bundan başqa, onun varisi Boris Consonu dəstəklədiyini gizlətməmişdi. Belə şərhlər adətən xarici liderlərin başqa bir ölkənin daxili işlərinə qarışmasını qadağan edən diplomatik normaların əksinə sayılır.
Eyni zamanda, Donald Tramp Londonun meri Sadiq Xanla düşmənçiliyi yenidən alovlandıraraq onu sosial şəbəkə səhifəsində "tam məğlub" adlandırmışdı. O, Meqan Markl (şahzadə Harrinin həyat yoldaşı) haqqında "pis" demiş, sonradan qeydə alınmış sübutlara baxmayaraq, təkzibedici bir şərh yazmışdı.
2019-cu ildə ABŞ prezidentinin Britaniyaya rəsmi səfəri iqlim dəyişikliyi, miqrasiya və qadın hüquqları sahəsindəki siyasətlərinə qarşı geniş etiraz aksiyaları ilə qarşılanmışdı. Bu səfər zamanı da "Trampı Dayandır Koalisiyası" Londonda və Vindsorda "Tramp, xoş gəlməmisən!" şüarı altında etiraz aksiyası keçirib, nümayişlər elan edib.
Səfər zamanı yüksək təhlükəsizlik tədbirləri görülüb. Bu, kral III Çarlzın tacqoyma mərasimindən sonra ən böyük tədbir olub.
Bunlar Donald Trampa, ABŞ-yə Böyük Britaniyada münasibətin göstəricilərindən sayıla bilər.

Ağ Evin indiki sahibinin Birləşmiş Krallığa dövlət səfəri dünya siyasətində gərginlik olduğu dövrə təsadüf edir;
- Yaxın Şərqdə vəziyyət dəyişməyib. Düzdür, bəzi dəyişiklikyönlü hadisələr olub. Suriyada Bəşşar Əsəd rejimi süqut edib. HƏMAS Qəzza zolağında zəifləyib. Livan hökuməti "Hizbullah"ın tərk-silah edilməsini istəyir,
- Avropa "üçlüyü" (Böyük Britaniya, Almaniya, Fransa) İrana sentyabrın 28-dək möhlət verib (Onlar Tehran qarşısında üç şərt irəli sürüb – ABŞ ilə danışıqlara başlamaq, nüvə fəaliyyətini dayandırmaq, zənginləşdirilmiş uranın saxlanıldığı yer barədə məlumat vermək. Əks halda, ona qarşı BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi yenidən qüvvəyə minəcək),
- 12 günlük müharibədən sonra da Tehran beynəlxalq ictimaiyyətin nüvə proqramı ilə bağlı tələblərinə ritorik cavab verir,
- Böyük Britaniyanın daha çox maraq dairəsində olan Rusiyanın Ukraynada apardığı müharibə davam edir,
- Çin, İran, Şimali Koreya Rusiyaya yardımı davam etdirir,
- Avropa ölkələri Rusiyadan neft və təbi qaz tədarükünü davam etdirir,
- Avropa İttifaqı Komissiyası İsrailə qarşı sanksiya tətbiq edib,
- ABŞ-Çin liderlərinin sammitinə hazırlıq işləri görülür,
- Yaxın Şərqdə bir sıra ölkələr "müsəlman dövlətləri NATO-su" təsis etmək istəyir,
- İsraillə Suriya arasında təhlükəsizlik məsələləri müzakirə olunur,
- Husi, "Hizbullah", HƏMAS və başqa bu kimi qüvvələr fəaliyyətini davam etdirir,
- Fələstinin tanınması məsələsi gündəmə gətirilir,
- Əfqanıstanda "Taliban" hökumətinə münasibət və s.
Bu onu göstərir ki, ABŞ ilə Böyük Britaniya arasında müzakirəsi vacib olan məsələ yetərincədir. Ancaq səfər zamanı tərəflərin iqtisadi əməkdaşlığı, əlaqələri genişləndirmək istədikləri aydın görünür.
Böyük Britaniya və ABŞ arasında süni intellekt, kvant hesablamaları, telekommunikasiya, çip istehsalı sahəsində əməkdaşlığı gücləndirməyi hədəfləyən çoxmilyardlıq texnologiya paktı imzalanıb. Bu, qlobal rəqabətlə mübarizə, təchizat zəncirləri təhlükəsizliyinin təmin edilməsi üçün strateji addım olaraq dəyərləndirilir.

Mütəxəssislər hesab edirlər ki, bu səfər ABŞ iş adamları üçün Britaniyada böyük investisiya imkanları üçün yol açacaq.
Bu səfərdə tərəflərin texnologiya və atom energetikası sahəsində əməkdaşlığa dair milyardlarla dollarlıq iqtisadi saziş imzalanıb.
Böyük Britaniya və ABŞ bir-birinin iqtisadiyyatına təxminən 280 milyard funt sterlinq (380 milyard dollar) sərmayə qoymaq barədə razılığa gəliblər. Ştatların şirkətləri Krallığın iqtisadiyyatına 150 milyard funt-sterlinq sərmayə qoyacaq.
"Microsoft"un dörd il ərzində Britaniyanın süni intellekt infrastrukturuna 30 milyard dollar sərmayə qoyacağı açıqlanıb. "Google" (5 milyard funt sterlinq), "Prologis" (3,9 milyard funt sterlinq), müdafiə sektoruna sərmayə qoymaqda maraqlı olan analitik şirkət "Palantir" (1,5 milyard funt sterlinq), "CitiGroup" bankı (1,1 milyard funt sterlinq) kimi şirkətlərin də Birləşmiş Krallığın iqtisadiyyatına sərmayə qoyacağı bildirilib.
Bundan əlavə, 50 ildən artıq müddətdə ilk dəfə Böyük Britaniya ABŞ Hərbi Hava Qüvvələri üçün təyyarə istehsalında əhəmiyyətli rol oynayacaq. "Boeing" İngiltərənin Birmingem şəhərindəki müəssisəsində iki "E-7A Wedgetail" havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsini təkmilləşdirəcək.
Bu kimi investisiya əlaqələri ilə yanaşı, tərəflər siyasi addımlarını da uzlaşdırır. Çünki Böyük Britaniya ABŞ-nin başlıca müttəfiqdir. Onların bəzi məsələlərdə fikir ayrılıqları var. Məsələn, ABŞ İran İnqilab Keşikçiləri Qvardiyasını (Sepah) terrorçu hərbi birləşmə olaraq tanıdığı halda, Krallıq hökuməti bu addımı hələ ki atmır. Belə ehtimal olunur ki, Kir Starmer BMT Baş Assambleyasında Fələstin dövlətini tanıdıqlarını elan edəcək. O bunu Trampın gedişindən sonra etmək qərarına gəlib. Əks halda, bu mövzu onların birgə mətbuat konfransının əsas mövzusuna çevrilə bilər.
Rəsmi London hesab edir ki, Fələstinin tanınması İsrailin təhlükəsizliyinin başlıca qarantıdır. Bunun üçün krallıq HƏMAS-ın tərk-silah olunmasını da vacib şərt sayır. ABŞ isə Fələstinin rəsmi tanınmasına qarşı çıxır. Donlad Tramp bu addımı 2023-cü ilin oktyabrında İsrailə hücum edən HƏMAS üçün "mükafat" adlandırmışdı.
Bu günlərdə İsrail Qəzza zolağında HƏMAS-a və başqa silahlı qruplaşmalara qarşı əməliyyat keçirir. Ona görə də, ziddiyyətli olsa belə, Britaniyanın Fələstini tanımaq istəyi, ABŞ-nin buna qarşı çıxması və İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatlar müəyyən mənada bir-birini tamamlayır.

Trampla Starmer arasında Yaxın Şərq mövzusunun aparıcı olacağı istisna edilmir. Tərəflərin Ukrayna və Cənubi Qafqazdakı vəziyyəti də diqqətdənkənar qoymayacaqları istisina edilmir. Rəsmi London RF-nin Ukraynadakı müharibəsinə daha sərt yanaşır. Vaşinqton isə diplomatik vasitədən, güzəştlərdən istifadəni qabardır. Bu baxımdan, Ukrayna məsələsində ABŞ ilə Britaniyanın ortaq məxrəcə gələcəkləri də gözlənilir.
Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı, Zəngəzur dəhlizi (Tramp yolu) də dünyanın aparıcı dövlətlərinin başlıca mövzularından sayılır. Çünki bu, postsovet məkanında həll edilmiş ilk münaqişədir. Odur ki, müttəfiqlərin bu məsələ ilə bağlı vahid mövqe nümayiş etdirməsi regionun təhlükəsizliyi, bölgədə əməkdaşlıq üçün təkan olar.
Prezident və Baş nazirin İrana qarşı növbəti addımları uzlaşdırması da beynəlxalq ictimaiyyətin diqqətindədir. Onların bu məsələdə elə ciddi fikir ayrılıqlarının olacağı inandırıcı görünmür. Çünki "üçlüyün" bu məsələyə münasibətdə mövqeyi ortadadır. Onlar İslam Respublikasına qarşı münasibətdə hərbi əməliyyatlara deyil, məhdudlaşdırıcı tədbirlər, sanksiyalar, diplomatik danışıqlara üstünlük verirlər.
ABŞ və Böyük Britaniya dünya siyasətinin aparıcı gücləridir. Müttəfiqlərin liderlərinin zirvə toplantısında qəbul edilən qərarlar, imzalanan müqavilələr, verilən açıqlamalar beynəlxalq siyasətə, münasibətlərə əsaslı təsir göstərir. Bu baxımdan, Donald Trampın Böyük Britaniyaya ikinci dövlət səfərinin dünyanı yeni hadisələrə hazırlayacağı istisna edilmir.