Okampo, Borrel və erməni oliqarxları - Paşinyanın devrilməsi ssenarisi işə salınıb - ŞƏRH

Analitika
  • 30 aprel, 2026
  • 16:58
Okampo, Borrel və erməni oliqarxları - Paşinyanın devrilməsi ssenarisi işə salınıb - ŞƏRH

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş pro­kuroru, dələduzluq, korrupsiya və separatizmə dəstəyi ilə ad çıxarmış Luis Moreno Okamponun və oğlunun daxil olduğu növbəti ifşaedici, sensasion kadrlar yayımlanıb. "Minval.az"ın əldə etdiyi videogörüntülərdən aydın olur ki, onlar korrupsiyada adları hallanan Avropa Parlamentinin (AP) keçmiş üzvlərini Ermənistanda iyunda keçiriləcək parlament seçkilərinə müdaxiləyə cəlb ediblər. Məqsəd isə Baş nazir Nikol Paşinyanın qələbəsinə mane olmaqdır.

İfşa kadrları təsdiq edir ki, Okampo, Avropa Parlamentinin keçmiş deputatı Cozef Borrel və digərləri Rusiyanın iştirakı ilə Ermənistanda hakimiyyətin dəyişdirilməsi, o cümlədən şəxsən Nikol Paşinyanın devrilməsi ssenarisinin mərkəzindədirlər. Anti-Paşinyan şəbəkə onun məğlubiyyətinə nail olmaq üçün bütöv bir sistem də qurub. Həmin videodan bəzi məqamlara diqqət yetirək;

"Əgər belə işlərlə məşğul olan bir şirkətim olsa, bunu maya dəyərinə edə bilərik. Məsələn, hazırda mənim komandamda əvvəllər Avropa Parlamentinin üzvü olmuş çox bacarıqlı bir adam var. O, hüquqi müşavir olub…", - Okampo deyir.

Həmsöhbət dəqiqləşdirir: "Borrel?"

Okampo isə heç bir tərəddüd etmədən cavab verir: "Bəli, elə həmin Borrel. Bu adam indi mənim üçün Avropa Parlamentində işləyir. Mən orada çıxış edə, suallar qaldıra, onları yönləndirə və komissar fon der Lyayenə təzyiq göstərə, beləliklə, Avropa siyasətini formalaşdıra bilərəm".

Kampaniyanın maliyyə mənbələri sırasında Rusiyada yaşayan erməni oliqarxlar Samvel Karapetyan, hazırda həbsdə olan Ruben Vardanyan və digərləri var.

Videoda Okamponun oğlunun Ermənistanın siyasi vəziyyəti və baş nazirin devrilməsi planlarını açıq müzakirə etməsi isə xüsusi diqqət çəkir. Görünən odur ki, Okampo, Borrel və digərləri Rusiyanın iştirakı ilə Avropada və Avropa Parlamentində aparılan kampaniya çərçivəsində Ermənistanda hakimiyyət dəyişikliyi, o cümlədən Nikol Paşinyanın devrilməsi ssenarisinin mərkəzində olublar. Kadrlar sübut edir ki, Aİ institutları erməni lobbisinin, Ermənistanın rusiyayönümlü müxalifətinin və birbaşa Rusiyanın xidmətindədir.

Okampoya gəldikdə, bu şəxsin adı ciddi maliyyə fırıldaqları, ofşor qalmaqalları və siyasi qərəzlilikdə dəfələrlə hallanıb. Xüsusilə, Azərbaycan əleyhinə apardığı kampaniyalar onun peşəkar nüfuzunu və qərəzsizliyini böyük sual altına qoyub. Məsələn, 2017-ci ildə "European Investigative Collaborations" (EIC) tərəfindən sızdırılan 40 mindən çox sənəd Okamponun gizli maliyyə fəaliyyətini ifşa edib. Araşdırmalar göstərir ki, Okampo BCM-in baş prokuroru olduğu illərdə vergi cənnətləri sayılan Panama, Britaniya Virgin adalarında "Yemana Trading" və "Tain Bay" kimi gizli şirkətlərə sahib olub. O, bu şirkətləri vergi ödəməmək və maliyyə hərəkətlərini gizlətmək üçün istifadə etdiyini etiraf etsə də, bunu "iqtisadi təhlükəsizlik"lə izah etməyə çalışıb.

Okamponun vəzifədən getdikdən sonra həyata keçirdiyi fəaliyyətlər də "peşəkar dələduzluq" kimi qiymətləndirilir. O, BCM tərəfindən hərbi cinayətlərdə şübhəli bilinən şəxslərlə əlaqəsi olan liviyalı milyarder Həsən Tatanaki ilə 3 milyon dollarlıq məsləhətçi müqaviləsi bağlayıb. İddialara görə, Okampo öz nüfuzundan və məhkəmə daxilindəki mənbələrindən istifadə edərək Tatanakini hüquqi təqibdən qorumağa söz verib. Ofşor qalmaqalları və şəxsi qazanc naminə beynəlxalq hüququ manipulyasiya etməsi onun bütün iddialarını legitimlikdən məhrum edir.

Sözügedən məsələdə Borrel və digər keçmiş avroparlamentarilərin adlarının hallanması da təsadüfi deyil. AP və onun deputatları çoxdan korrupsiyaya bulaşmış qurum və şəxs imici qazanıb, orada təmsil olunan bir sıra dövlətlərin nümayəndələri isə Qərb ölkələrində fəaliyyət göstərən erməni milyarderlərin əlində oyuncağa çevrilib. İstər Avropa Parlamentinin rəhbər şəxsləri, istərsə də bir sıra deputatları dəfələrlə rüşvətxorluqda ittiham olunublar. Məsələn, 2022-ci ildə polis tərəfindən Avropa Parlamentinin sədr müavini, yunanıstanlı deputat Eva Kaylinin həbs edilib. Belçikanın federal müstəntiqləri Kayli də daxil olmaqla saxlanılanları rüşvət qismində külli miqdarda pul və müxtəlif bahalı hədiyyələr almaqla Qətərin xeyrinə AP-də qəbul edilən qərarlara təsir göstərməkdə, qanunsuz lobbiçilikdə ittiham edib.

Rüşvəti adətə çevirən avroparlamentarilərin növbəti qalmaqalı isə "Russiagate" işi ilə bağlı olub. İronik görünsə də, parlament üzvlərinə "Voice of Europe" saytı vasitəsilə Rusiya təbliğatının genişləndirilməsi üçün rüşvət verilib. Bununla əlaqədar olaraq Belçika polisi parlamentin ofisində axtarış aparıb. Axtarışlar zamanı bu ölkənin hüquq-mühafizə orqanları Avropa Parlamentinin əməkdaşlarının bu işdə aparıcı rol oynadıqlarına dair əlamətlər aşkarlayıb.

Bundan əlavə, Avropa Parlamentində korrupsiya məsələləri son illərdə bir neçə iri qalmaqal və araşdırmalarla gündəmə gəlib. Əsas hadisələr və faktlar aşağıdakılardır:

"Qatargate" Qalmaqalı (2022) - Avropa Parlamentinin ən böyük korrupsiya qalmaqallarından biridir. Məlumata görə, təxminən 704 deputatdan 163-ü müxtəlif növ korrupsiya, nepotizm və ya maliyyə pozuntuları ilə bağlı hallarda ittiham olunub və ya barələrində araşdırma aparılıb.

2025-ci ilin əvvəlində Avropa Publik Prokurorluğu (EPPO) bir neçə deputatı assistentlərin maaş və vəsaitlərindən sui-istifadə ittihamı ilə araşdırmağa başlayıb. Avropa Saxtakarlıqla Mübarizə Bürosu (OLAF) parlament daxilində araşdırmalar aparmaq üçün rəqəmsal və fiziki çıxış imkanlarının məhdudlaşdırılmasından şikayət edir.

Avropa Parlamentinin sabiq baş diplomatı Borrel haqqında isə korrupsiya iddiaları həm rəsmi araşdırmalar, həm də dezinformasiya kampaniyaları çərçivəsində gündəmə gəlib. Dəfələrlə onun milyonlarla dollarlıq ofşor hesablara sahib olması ilə bağlı xəbərlər yayılıb.

Beləliklə, açıqlanan faktlar, videomaterial, şübhəsiz ki, hələ uzun müddət siyasətçilər və ekspertlər tərəfindən müzakirə olunacaq. Ümid etmək olar ki, bəlkə, bu karlardan sonra Avropa Parlamenti, onun müxtəlif strukturları hər hansı bir üzrxahlıq edəcək, məsələyə aydınlıq gətirəcək. Əks halda, bu, Avropa institutlarının şəffaflıq imicinə növbəti ciddi zərbə olacaq.