İraqda seçkiqabağı vəziyyət: Bağdad şəffaf və ədalətli kampaniya vəd edir - ŞƏRH
- 05 noyabr, 2025
- 15:44
İraqda noyabrın 11-də parlament seçkiləri keçiriləcək.
İraq parlamentli federativ dövlətdir. Ölkədə ərəb və kürdcə rəsmi dövlət dilidir.
Səddam Hüseyn hakimiyyəti devriləndən sonra 2005-ci il oktyabrın 15-də İraqda müvəqqəti konstitusiya qəbul olunub. Həmin qanuna əsasən, Nümayəndələr Şurası İraq parlamentinin aşağı palatasıdır. Yuxarı palata isə İttifaq Şurası adlanır, hələ də formalaşdırılmayıb. Aşağı palata üzvləri 4 il müddətinə seçilir. 2005-ci il konstitusiyasının qəbul edilməsindən bəri ölkədə Nümayəndələr Şurasına 2005, 2010, 2014, 2018 və 2021-ci illərdə seçkilər keçirilib.
Sonuncu növbədənkənar parlament seçkiləri 2021-ci il oktyabrın 10-da olub (2003-cü ildən etibarən ilk növbədənkənar seçkilər idi). Buna səbəb 2019-cu ilin oktyabrında ölkədə hökumətə qarşı genişmiqyaslı etiraz aksiyalarının keçirilməsi olmuşdu. Nümayişçilər növbədənkənar seçkilərin keçirilməsini, korrupsiyaya qarşı aktiv mübarizə aparılmasını və sosial-iqtisadi problemlərin aradan qaldırılmasını tələb edirdilər.
Ölkə parlamenti 329 üzvdən ibarət olur. Ali qanunverici orqan prezidenti və baş naziri seçir. Nümayəndələr Şurasının üzvləri açıq partiya siyahıları üzrə proporsional təmsilçilik sistemi ilə seçilirlər. İraqın 18 əyalətində seçki dairələri fəaliyyət göstərir. Ölkədə etnik azlıqlar üçün səkkiz yer ayrılıb.
İraqın Ali Müstəqil Seçki Komissiyası İraq təhlükəsizlik orqanı və ordu əməkdaşları üçün xüsusi səsvermənin ölkədə parlament seçkilərindən iki gün əvvəl, 9 noyabrda keçiriləcəyini elan edib.
Komissiyanın nümayəndəsi Cümana Qalai bildirib ki, müxtəlif güc orqanlarının 1,3 milyondan çox əməkdaşı səsvermədə iştirak etmək hüququna malikdir.
Ümumilikdə, təxminən 46 milyon iraqlıdan 30 milyonu səs vermək hüququna malikdir. Yeddi milyona yaxın iraqlı isə seçki vəsiqələri olmadığından bu kampaniyaya qoşula bilməyəcək.
Ölkənin və regionun taleyi üçün siyasi, iqtisadi, hərbi mahiyyət daşıyacaq bu siyasi kampaniyadan öncəki vəziyyətə nəzər saldıqda respublikada çoxsaylı maraqların toqquşduğu görünür. Nə qədər ziddiyyətli də olsa, İraqda ABŞ və İranın maraqları mövcuddur. Ölkəyə hər ikisinin silahlı qüvvələri yerləşdirilib.
İraqın Baş naziri Şiya əs-Sudani bildirib ki, ABŞ qoşunları 2026-cı ilə qədər İraqdan çıxdıqdan sonra iranpərəst qruplar da tərk-silah ediləcək. O deyib ki, rəsmi Bağdad ölkədəki bütün silahlı qruplar üzərində dövlət nəzarəti qurmağı planlaşdırır: "Ancaq xarici qoşunlar, xüsusən də ABŞ qoşunları İraqdan çıxarılmadan bu, mümkün olmayacaq. Çünki bəzi qruplar onları "işğalçı" hesab edirlər".
Onun sözlərinə görə, xarici qoşunlar çıxarıldıqdan sonra dövlət strukturlarından kənarda olan bütün silahlı birləşmələrin məhv edilməsi ilə bağlı aydın proqram həyata keçiriləcək. Baş nazir əlavə edib ki, silahlar təhvil verildikdən sonra onlar ya rəsmi təhlükəsizlik orqanlarına qoşula, ya da siyasətlə məşğul ola biləcəklər: "İraqda təhlükəsizlik sabitləşib və beynəlxalq koalisiyanın mövcudluğu artıq əsassızdır".
İraqdakı "Hizbullah" qruplaşmasından bəhs edən hökumət başçısı bildirib ki, bu istiqamətdə vəziyyət Livandan fərqlidir və hökumət qanunsuz silahlı qrupların tərk-silah edilməsi üçün çərçivəni nəzərdən keçirir.
Bunu İraq hökumətinin ABŞ və İrana seçkiqabağı ismarışları kimi də qiymətləndirmək olar. O, Tehranla Vaşinqtona qarşıdan gələn il üçün də İraqdakı silahlıları və hərbi qüvvələrinin aqibətinə dair ismarış verib.
Bununla yanaşı, hökumət başçısı siyasi kampaniyanın sakit və təhlükəsizliyi üçün də bu bəyanatla çıxış etmiş ola bilər.
Ötən gün İrana bağlı "Həşdi-Şəəbi" silahlı qruplaşmasının qərargahında partlayış olub. Yerli sakinlərin sözlərinə görə, partlayış Bağdadın cənubunda Curf əl-Nədaf bölgəsində eşidilib. Partlayışın güclü olduğu yerlərdə evlər və dükanlar dağılıb. Şahidlər partlayışa səbəb kimi dron hücumlarını göstəriblər. Partlayış zamanı üç silahlının öldüyü bildirilib. Sosial şəbəkə istifadəçiləri İraqın Curf əl-Nədaf ərazisindəki "Həşdi-Şəəbi" qruplaşmasının qərargahına İsrailin dronlarla hücum etdiyini vurğulayıblar.
Lakin qruplaşmadan verilən açıqlamaya əsasən, qərargahlarından birində saxlanılan partlayıcı maddə partlayıb.
Son günlər ABŞ rəsmiləri İraq hökumətindən İrana bağlı silahlı qruplaşmaları tərk-silah etməyə çağırıb. Rəsmi Tehran da Ştatlara məxsus qoşunun İraqdan çıxmasını istəyir. Bu baxımdan, əs-Sudani xarici silahlıların İraqdan çıxması sxemini açıqlamış olub.
İraq İranın ən böyük dini, ideoloji, siyasi, sosial, hərbi qüvvələrinin, tərəfdarlarının yerləşdiyi ölkədir, bazadır.
2025-ci ildə "İmamın 40-ı" (Ərbəin) üçün İraqa İrandan təxminən 3 milyon zəvvar gedib. Bu il həmin mərasim üçün İraqı ziyarət edən zəvvarların ümumi sayı 21 milyondan çox olub. Həmin hadisə ilə bağlı tədbirlərlə İran hakimiyyəti İraqda öz təsir dairəsini nümayiş etdirir. Odur ki, İraqda yeni qurulacaq hökumət İran və ABŞ kimi ziddiyyətli münasibətləri həll etməyə məcbur olacaq. Bağdadın bu təzadı həll etməsi çox çətin olacaq. Bunun üçün təkcə ABŞ-nin qoşunlarının İraqdan çıxması az olacaq. Çünki Tehran zəifləməyənə, belə qruplaşmaları maliyyə və silah cəhətdən təmin etməyənədək "Həşdi - Şəəbi", "Kataib Hizbullah"ın respublikada qalacağı istisna olunmur.
İraq həm də qonşu Türkiyənin təhlükəsizliyi, suverenliyi, ərazi bütövlüyünü təhdid etmiş, bu ölkədə çoxsaylı terror aktları törətmiş PKK və ona bağlı terror qruplaşmasının düşərgə saldığı ərazidir. Bundan başqa, Türkiyə təhlükəsizliyini təmin etmək, təhdidlərin, terrorun qarşısını almaq məqsədilə İraqla sərhədyanı bölgədə bufer zona yaradıb. Rəsmi Ankara Bağdaddan bu terror qruplaşmasının ölkədən çıxarılmasını dəfələrlə tələb edib. Bu günlərdə PKK silahlıları Türkiyə ərazisini tərk etdiklərini bildiriblər. Onların yenidən İraqın şimalındakı Qəndilli və ya başqa bölgəsində cəmləşmədiyinə dair rəsmi açıqlama hələ ki mövcud deyil. Ona görə də İraq Türkiyə və region üçün eyni səviyyədə təhlükə mənbəyi olaraq qalır.
Bu günlərdə İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn Türkiyədə səfərdə olub, həmkarı Hakan Fidanla görüşüb. Tərəflər arasında su sazişi imzalanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2024-cü ildəki İraq səfərində imzalanan çoxsaylı sazişlərdən bəhs edən H.Fidan qurulan birgə iş komitələri ilə təhlükəsizlik daxil olmaqla enerji, su, ticarət, gömrük, nəqliyyat və bir çox mövzuda həqiqətən intensiv işlər görüldüyünü vurğulayıb.
İraq parlament seçkiləri qabağı Türkiyə ilə münasibətləri gələcəkdə də inkişaf etdirəcəyini göstərib.
İraqın ərəb dünyası, xüsusilə Körfəz Ərəb Ölkələri İqtisadi Təşkilatının üzvləri ilə əlaqələri və əməkdaşlığı müsbət dinamika ilə inkişaf edir. Bu baxımdan, onu həmin istiqamətdə elə böyük təhlükənin gözləmədiyi qənaətinə gəlmək olar.
İran İraq ərazisindən İsrailə qarşı əməliyyatlarda istifadə edib. Buna görə də yəhudi dövləti oradakı Tehrana bağlı qruplaşmaların ərazisinə hücumlar həyata keçirib. 2020-ci ilin yanvarında İslam Respublikası İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) xaricdə fəaliyyət göstərən Qüds qoşunlarının komandanı general Qasem Süleymaninin ABŞ hərbçiləri tərəfindən İraqda öldürülməsi də İranın "fəaliyyətinə" endirilən zərbə idi.
İraqla İsrail arasında diplomatik münasibət qurulmayıb. Rəsmi Bağdad hələ yəhudi dövlətini tanımır. Bununla belə, 2018-ci ilin sonunda İsrailə İraqdan ümumilikdə 15 nəfərdən ibarət üç nümayəndə heyəti səfər edib. Onların arasında şiə və sünni dini liderlər də olub. İraqlılar İsrail rəsmiləri ilə bir sıra görüşlər keçirib.
Odur ki, ərəb dünyasının bir hissəsi olan İraqın İsraillə münasibətlərinin birlikdə tənzimlənəcəyi ehtimalı da böyükdür.
Rusiya İraqla ənənəvi tərəfdaş olub. Ancaq Səddam Hüseynin devrilməsi ilə yeni şərait yaradılıb. Bu günlərdə İraq Rusiyanın "Lukoil" şirkətinə neft tədarükünü dayandırıb. İraqın "SOMO" dövlət şirkəti noyabr ayında "Lukoil"a üç partiya xam neft yükləməsini ləğv edib. Məlumata görə, bunun səbəbi "Lukoil" da daxil olmaqla Rusiya neft şirkətlərinə qarşı ABŞ-nin sanksiya tətbiq etməsidir. Bu şirkət İraqın "Qərbi Kurna-2" yatağının 75 faiz səhminin sahibidir. Bu addımla rəsmi Bağdad Moskvaya kiminlə tərəfdar olduğunu çatdırır.
Beləliklə, İraqdakı bu siyasi kampaniya Yaxın Şərqin bir sıra baxımdan dəyişdiyi şəraitə təsadüf edir. İranın regionda təsirinin zəifləməsi bir tərəfdən rəsmi Bağdada sərfəli sayılsa da, o biri yandan təhlükəlidir. Çünki Tehran özünü müdafiə etmək məqsədilə İraqdakı və regiondakı silahlılarından ABŞ hərbçilərinə, bazalarına qarşı istifadə edə bilər. İslam Respublikası silahlılarının Ştatların İordaniyadakı hərbi bazasına İraq ərazisindən zərbə endirməsi nəticəsində amerikalı hərbçilərin ölməsi hadisəsini yada salmaq olar. Odur ki, İran ABŞ-yə qarşı İraqı döyüş meydanına çevirə bilər.
Xarici qüvvələrin yaratdığı problemlərlə yanaşı, İraq daxilində də ziddiyyətli məsələlər hələ öz həllini tapmayıb.
Bu kimi səbəblərdən sözügedən siyasi kampaniya beynəlxalq ictimaiyyətin, yaxın və uzaq dövlətlərin diqqət mərkəzindədir.
BMT Baş katibinin İraq üzrə xüsusi nümayəndəsi Məhəmməd Əl-Həsən də təşkilatın İraq parlament seçkilərini dəstəkləməyə sadiq olduğunu vurğulayıb: "BMT İraqda seçki prosesinə dəstək verməyə, siyasi və iqtisadi sabitliyi gücləndirməyə davam edəcək".
Rəsmi Bağdad hökumətin İraq xalqının iradəsini əks etdirən şəffaf və ədalətli seçkilərin keçirilməsinə sadiqliyini və BMT-nin davamlı texniki dəstəyinə görə minnətdarlığını bildirib.
Bütün xarici təzyiqlərə, daxili problemlərə baxmayaraq, İraq Qərb bloku ilə əməkdaşlıq etdiyini, onunla tərəfdaş olduğunu gizlətmir. O bunu ölkədə demokratiyanın inkişafı, azad, ədalətli və şəffaf seçkilər keçirməsi ilə də nümayiş etdirir. Çoxsaylı maraqların toqquşduğu İraq problemlərinin həllini demokratik seçkilərə bağlayır. Çünki oradakı sabitliyi hələ ki bu rejim tənzimləyir.