Dünyaya Qəzza dərsi – qurtuluş münasibətlərin dəyişməsindədir - ŞƏRH

Analitika
  • 15 oktyabr, 2025
  • 16:13
Dünyaya Qəzza dərsi – qurtuluş münasibətlərin dəyişməsindədir - ŞƏRH

Afrikanın şimalında və Yaxın Şərqdə yeni münasibətlər qurulur. Bu bölgəyə yanaşma da dəyişir. Bura yüz illərdir münaqişə, qarşıdurma, müharibə zonasından təhlükəsiz əməkdaşlıq regionuna çevrilə bilər.

Qəzza zolağında atəşkəs, girov və əsrilərin dəyişməsinə dair razılaşma göstərdi ki, region və ondan kənarda olan maraqlı dövlətlər də bu prosesi istəyirmiş.

Təsadüfi deyil ki, bu günlərdə İndoneziya Prezidenti Prabovo Subiantonun İsrailə ilk dəfə səfər edəcəyinə dair xəbər yayılmışdı. Bu barədə "İsrailin Səsi" Telegram kanalı məlumat vermişdi. İndoneziya ilə İsrail arasında diplomatik əlaqələr mövcud olmadığından bu ziyarət misligörünməmiş hadisə kimi təqdim edilirdi. Əhalisinin sayına görə dünyanın ən böyük müsəlman ölkəsi liderinin İsrailə səfərinin dialoq və əməkdaşlıq üçün yeni perspektivlər açacağına dair mülahizələr irəli sürülürdü. Hətta İndoneziyanın "İbrahim Sazişi"nə qoşulmasının yaxın gələcəyin məsələsi ola biləcəyi ehtimal edilirdi.

Bu xəbər elə həmin gün təkzib olundu. Bildirildi ki, İndoneziya dövlət başçısının İsrailə səfəri yaxın zamanda baş tutmayacaq.

Məlumata görə, Prabovo Subiantonun İsrailə planlaşdırılan səfərinə hazırlıq haqqında məlumat sızandan sonra ziyarət ləğv edilib. Yüksək səviyyəli mənbənin bildirdiyinə görə, məhz məxfiliyin ifşa edilməsi Cakartanın səfərdən imtina etməsinə səbəb olub.

İlkin məlumatlara görə, səfər ABŞ-nin vasitəçiliyi ilə gizli şəkildə razılaşdırılıbmış. Bildirilib ki, bu səfər İndoneziya ilə əlaqələrlə məşğul olan əksər İsrail məmurlarının iştirakı olmadan hazırlanıbmış.

İndoneziyanın Xarici İşlər Nazirliyi prezidentin yaxın zamanda İsrailə getməyəcəyini təsdiqləyib və mümkün səfər barədə müzakirələrin "hələ ki vaxtından əvvəl olduğunu" vurğulayıb.

Dünyada ən çox müsəlman yaşayan İndoneziya müstəqil Fələstin dövləti yaradılana qədər İsraillə diplomatik münasibətlər qurmayacağını bildirib.

Prabovo Subiantonun yəhudi dövlətinə səfərinə dair xəbərin yayılmasına "yanlış da bir naxışdır" deyimi ilə yaxınlaşsaq, Afrikanın Şimalı və Yaxın Şərqdə müsbət istiqamətdə yeni hadisələrin baş verəcəyinə ümid artır.

Şarm əş-Şeyx sammitinə qatılanlar bu bölgədə sülhü, əmin-amanlığı, əməkdaşlığı dəstəklədiklərini iştirakı və imzaları ilə təsdiqləyiblər. Bu, yeni əlaqələrin qurulmasına təkan verə bilər. Misir Prezidenti Əbdülfəttah əs-Sisinin İsrailin Baş naziri Binyamin Netanyahunu sülh sammitinə şəxsən dəvət etməsi də regional əməkdaşlığın perspektivinə inam baxımından yaxşı hal sayılır.

Başqa sözlə, regiondakı ərəb dövlətləri-İsrail, müsəlman ölkələri-İsrail münasibətlərinin normallaşması, müsəlman dünyası ilə yəhudi dövləti arasında əlaqələrin qurulması, inkişafı beynəlxalq arenada münasibətlərdə inqilabi dəyişikliyə səbəb olar.

İndoneziya Prezidentinin İsrailə səfərinin ictimaiyyət üçün məlum olmayan səbəblərdən reallaşmaması müsəlman ölkələri liderlərinin yəhudi dövlətinə səfər etməyəcəkləri, yaxud etmədikləri anlamına gəlmir.

1977-ci il noyabrın 19-21-də ovaxtkı Misir Prezidenti Ənvər Sadat Qüdsü ziyarət edib. Ziyarətin məqsədi İsrail-Ərəb sülh prosesini irəlilətmək üçün İsrailin qanunvericilik orqanında - Knessetdə çıxış etmək idi. Sadat Baş nazir Menaxem Begin də daxil olmaqla İsrailin yüksək rütbəli rəsmiləri ilə görüşmüşdü.

İsrailin keçmiş Baş naziri Naftali Bennett 2021-ci ildə Birləşmiş Ərəb Əmirliklərinə səfər etmiş, onu Əmirliklərin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed bin Sultan Əl Nahyan qarşılamışdı. N.Bennett bildirmişdi ki, səfəri regionda formalaşan yeni reallığı əks etdirir: "İsrail, BƏƏ kimi, regional ticarət mərkəzidir və əməkdaşlığımız təkcə bizim üçün deyil, həm də digər ölkələr üçün misligörünməmiş ticarət imkanları açır".

Bu, yəhudi dövləti ilə regiondakı müsəlman ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin qurulması və inkişafına bir ismarış, çağırış da sayıla bilər.

İsraillə Səudiyyə Ərəbistanı arasında rəsmi diplomatik münasibət olmasa da, iki ölkənin diplomatik və kəşfiyyat sahələrində əməkdaşlıq etdiklərinə dair məlumatlar yayılıb. 2017-ci ilin oktyabr ayının sonunda Səudiyyə Xarici İşlər Nazirliyi bu tip məlumatları təkzib etmişdi. Bununla belə, 2017-ci ilin noyabrında isə İsrail Baş Qərargahının ovaxtkı rəisi Gadi Ayzenkot ilk dəfə Səudiyyə xəbər portalı "Elaf"a müsahibəsində İsrailin İrana və onu dəstəkləyən ölkələrə qarşı mübarizədə kəşfiyyat məlumatlarını Səudiyyə Ərəbistanı ilə bölüşməyə hazır olduğunu bildirmişdi.

Bu günlərdə də ərəb ölkələri ilə İsrailin hərbi əməkdaşlığı gizli şəkildə dərinləşdirdiyinə dair xəbər yayılıb. "The Washington Post" qəzeti və Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) tərəfindən əldə edilmiş sənədlərin sızması nəticəsində İsraillə altı aparıcı ərəb dövləti arasında gizli hərbi və kəşfiyyat əməkdaşlığı şəbəkəsi aşkar olunub.

Məlumata görə, İsraillə Səudiyyə Ərəbistanı, Qətər, Misir, İordaniya, Bəhreyn və BƏƏ arasında gizli əməkdaşlıq son üç il ərzində baş verib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) qeyri-rəsmi şəkildə onlar arasında əlaqələndirici olub. Rəsmi Vaşinqton ümid edib ki, bu əməkdaşlıq İsraillə regional ərəb dövlətləri arasında münasibətlərin normallaşmasına kömək edəcək. Bildirilib ki, bu ölkələrin liderləri İsrailin Qəzzadakı əməliyyatlarını qəzəblə açıq şəkildə pisləyəndə belə əməkdaşlıq davam etdirilib.

Yüksək rütbəli İsrail və ərəb hərbi rəsmiləri Bəhreyn, Misir, İordaniya və Qətərdə qapalı qapılar arxasında görüşüblər. Tərəflərin razılaşdırdıqları sənəddə əsas diqqət İran və onun proksi şəbəkəsinin təmsil etdiyi regional təhdidlərə, eləcə də HƏMAS-ın Qəzzada istifadə etdiyi yeraltı tunellərə qarşı mübarizəyə yönəldilib. Sənədlərdə İran və onun proksi strukturları "şər oxu" adlandırılır, həmçinin İranın Qəzzadakı və Yəməndəki müttəfiqlərindən gələn raket təhdidlərini göstərən xəritələr təqdim edilir.

Kəşfiyyat məlumatlarının mübadiləsi və gizli görüşlərdən əlavə, yayılmış sənədlərdə genişmiqyaslı birgə hərbi təlim proqramı da yer alıb.

2025-ci ilin sentyabrında isə ABŞ, İsrail, Misir, Səudiyyə Ərəbistanı, Qətər, Böyük Britaniya, Hindistan və İordaniya hərbçiləri yeraltı tunellərlə bağlı təhdidlərə qarşı mübarizəyə yönəlmiş təlimlərdə iştirak ediblər. Bu ilin əvvəlində isə ABŞ-nin Kentukki ştatındakı Fort-Kempbell hərbi bazasında tərəfdaşlara yeraltı təhdidləri aşkar etmək və zərərsizləşdirmək üçün vacib təlim keçirilib.

Kəşfiyyat məlumatlarının mübadiləsi sistemində Səudiyyə Ərəbistanının xüsusi rolu vurğulanır.

Bu kimi cəhdlər ərəblərlə İsrail arasında işbirliyi yaratmaq, onu genişləndirmək səyləridir. Çünki kəşfiyyat məlumatları mübadiləsi bir qayda olaraq tərəfdaş ölkələr arasında aparılır. Yaxud strateji cəhətdən ortaq maraqları olan ölkələr belə davranır.

Yəhudi dövləti ilə ərəb dövlətlərinin ortaq hədəfləri az deyil. Bunlardan birincisi və başlıcası İranın nüvə proqramıdır. Ərəb ölkələri ilə İran arasında dini-ideoloji məsələlərdə fikir ayrılığı var. Tehran bundan onlara qarşı təbliğatda və pozuculuq fəaliyyətində istifadə edir. İsrail və ərəb dövlətləri Qərblə müttəfiq, tərəfdaşdır.

Onları birləşdirən başqa amil isə daxili və xarici istiqamətlərdə təhlükəsizlik məsələsidir.

Qəzza zolağında sülhün əldə edilməsi müsəlman dövlətləri ilə İsrail arasında əlaqələr, əməkdaşlığın yaranmasının mümkünlüyünü də meydana çıxarıb. Bu, regionda yeni münasibətin qurulması ilə nəticələnə bilər. İsrail də daxil olmaqla region ölkələri və regiondankənar müsəlman dövlətlərinin bir-birilərnə münasibətinin dəyişməsi vacibdir.

Yəhudi, ərəb və müsəlman ölkələrinin bir-birilərinə baxışı, yanaşmasının islah edilməsi zamanı yetişir. Qəzzada sülh, qarşılıqlı anlaşma minillik ziddiyyətin aradan qalxması üçün bir fürsətdir. Bu baxımdan, yəhudi dövləti ilə islam dünyasının anlaşması regional və qlobal ziddiyyətlərin aradan qalxmasına şərait yaradar. Belə vəziyyət yaranarsa, Fələstin problemi də bu qədər müddətə uzanıb, beynəlxalq və bölgənin əsas probleminə çevrilməz. Yaxın Şərqə girib İsrail və ABŞ-yə qarşı mübarizə aparmaq istəyənlər, ərəblər arasında ikitirəlik yaradanlar, müsəlman dünyasını parçalayanlar Fələstindən ələt olaraq istifadə edirlər.

Qurtuluş Yaxın Şərqdə qarşıdurma vəziyyətində olanların, yaxud gizli şəkildə əlaqə saxlayanların dəyişməsindədir. Əksi düşmənlik, hikkə, kin, nifrət, müharibə, qaçqınlıq, milyardlarla dollarlıq maliyyə itkisi, çoxsaylı humanitar problemlərdir.

Qəzza zolağındakı ikiillik müharibə regional və qlobal baxımından yəhudilərə də, xristianlara da, müsəlmanlara da dərsdir. Bu dərsdən nəticə çıxarmayanlar uçurulmuş binaların "küncündə qalacaqlar"...

Son xəbərlər

Bütün Xəbər Lenti