Bayramov: Azərbaycan Tayvanın müstəqilliyini tanımır
- 05 fevral, 2026
- 13:28
Azərbaycan birmənalı şəkildə "Vahid Çin" mövqeyinə sadiqdir və Tayvanın müstəqilliyini tanımır.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çinin "Global Times" nəşrinə müsahibəsində bildirib.
"Azərbaycan Tayvanın müstəqilliyini tanımır. Biz 2024-cü ilin yanvarında Tayvanda keçirilən qondarma seçkiləri pisləyən ilk ölkələrdən biri olmuşuq. Azərbaycan birmənalı şəkildə "Vahid Çin" prinsipini dəstəkləyir", - C.Bayramov qeyd edib.
Nazir vurğulayıb ki, Azərbaycanın Tayvan məsələsi ilə bağlı mövqeyi aydın və ardıcıl olmaqla beynəlxalq hüquq prinsiplərinə əsaslanır.
"Azərbaycan hesab edir ki, təxribatlar, birtərəfli addımlar və ya xarici müdaxilə yolu ilə status-kvonu dəyişdirmək cəhdləri yalnız qarşıdurma riskini artırır və beynəlxalq münasibətlərdə etimadı sarsıdır", - C.Bayramov əlavə edib.
XİN başçısı bildirib ki, Azərbaycanın Çini Tayvan məsələsində dəstəkləməsi təkcə ölkənin beynəlxalq hüquq normalarına deyil, həm də dövlətlərin suveren bərabərliyi prinsipinə, eləcə də Bakı və Pekin arasında hərtərəfli strateji tərəfdaşlığın əsasını təşkil edən qarşılıqlı etimada sadiqliyini əks etdirir.