U-20 DÇ-yə ev sahibliyi Bakı-Daşkənd münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir - RƏY
- 17 dekabr, 2025
- 11:53
U-20 dünya çempionatına ev sahibliyi Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan bütün istiqamətlər üzrə maraqları üst-üstə düşən müttəfiqlərdir:
"Bu illər ərzində dövlət başçılarının intensiv səfərləri, imzalanan sənədlər əlaqələri daha da möhkəmləndirib. 2022-ci ildə imzalanan Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin gücləndirilməsi haqqında Bəyannamə əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Eyni zamanda, tərəflər iki ildir ikitərəfli münasibətlərin yeni istiqamətini müəyyən edən müttəfiqlik münasibətləri haqqında Müqavilə çərçivəsində də əməkdaşlıq edir. 2024-cü ildən isə Bakı ilə Daşkənd rəsmən müttəfiqdir".
Deputat bildirib ki, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir, eyni zamanda, iqtisadi-ticari və logistika sahəsində əməkdaşlıq da genişlənir:
"2030-cu ilədək tərəflər ticarət dövriyyəsini bir milyard dollara çatdırmağı hədəfləyir. Azərbaycan və Özbəkistan nəqliyyat dəhlizlərinin inkişafına da xüsusi diqqət yetirirlər. Daşkənd Bakının infrastrukturundan istifadə edərək öz marşrutlarını getdikcə daha çox Trans-Xəzər istiqamətinə inteqrasiya edir. Tərəflər, həmçinin, müntəzəm dialoqun aparılması və qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası üzrə razılığa gəlib".
N.Məmmədova vurğulayıb ki, bərpaolunan enerji sahəsində işbirliyi də tərəflərin marağında olan əməkdaşlıq istiqamətidir:
"Qardaş Özbəkistan həm də Qarabağ və Şərqi Zəngəzurun bərpasına töhfə verən ilk ölkələrdəndir. 2023-cü ildə Qarabağın Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən məktəb istifadəyə verilib. Eyni zamanda, Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən Xankəndidə tikiş fabriki fəaliyyət göstərir. Təsadüfi deyil ki, Mərkəzi Asiya Dövlət Başçılarının məhz Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycan bu formatın tamhüquqlu üzvü statusu qazanıb. Bu, ortaq tarixi, mədəni, mənəvi əlaqələrə malik Azərbaycan və Mərkəzi Asiyanın siyasi bir mərkəz halında birləşməsidir".
Milli Məclisin üzvü qeyd edib ki, futbol üzrə U-20 dünya çempionatının final mərhələsinin Azərbaycanda və Özbəkistanda keçirilməsi də yüksək səviyyəli münasibətlərin göstəricisidir:
"Prezidentin də söylədiyi kimi, "2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsinin Azərbaycanda və Özbəkistanda təşkil edilməsi Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir". Bir sözlə, Azərbaycan və Özbəkistan liderlərin siyasi iradəsinə, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələri daha da dərinləşdirməkdədir".