Baş Prokurorluqda türk dövlətlərinin ədliyyə sahəsində əməkdaşlığı müzakirə olunub
- 19 dekabr, 2025
- 19:52
"Türk dövlətlərinin dövlət hakimiyyətinin təşkili və konstitusion əsasları" mövzusunda beynəlxalq konfrans çərçivəsində bu gün Baş Prokurorluqda Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələrinin iştirakı ilə görüş və tanışlıq tədbiri keçirilib.
"Report" xəbər verir ki, bu barədə Baş Prokorurluqdan bildirilib.
Tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın ədliyyə və prokurorluq sahəsində təlim fəaliyyəti ilə məşğul olan qurumlarının nümayəndələri iştirak ediblər.
Görüş zamanı Baş prokurorun müavini Heydər Məmmədov çıxış edərək Türk dövlətləri arasında tarixi bağlara, ortaq dilə və mənəvi dəyərlərə əsaslanan əməkdaşlığın hüquq mühafizə orqanları və hüquq təhsili sahəsində əhəmiyyətini vurğulayıb. Çıxışda hüququn aliliyinin möhkəmləndirilməsi və müasir çağırışlara uyğun peşəkar kadr hazırlığında institusional əməkdaşlığın rolu qeyd olunub.
Bildirilib ki, Türk Ədliyyə Təlim Şəbəkəsi və Türk Dövlətləri Əməkdaşlıq Şurası çərçivəsində formalaşan əməkdaşlıq prokurorluq və ədliyyə sahəsində fəaliyyət göstərən tədris və akademik qurumlar arasında sistemli əlaqələrin inkişafına töhfə verir.
Tədbir çərçivəsində fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunub, iştirakçılar Azərbaycan Prokurorluğunun Tarixi Muzeyi ilə tanış olublar.
Görüş xatirə fotoşəkillərinin çəkilməsi ilə yekunlaşıb.