Tunis Beynəlxalq Simpoziumunda Azərbaycan multikulturalizmi modelindən bəhs olunub

Xarici siyasət
  • 20 noyabr, 2025
  • 14:59
Tunis Beynəlxalq Simpoziumunda Azərbaycan multikulturalizmi modelindən bəhs olunub

Azərbaycan Tunis Beynəlxalq Simpoziumunda təmsil olunub.

"Report"un məlumatına görə, tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri dosent İrina Kunina "Beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsində BMT-nin Sivilizasiyalar Alyansının rolunun aktivləşdirilməsi" mövzusunda keçirilən müzakirədə iştirak edib.

O, "Azərbaycan modeli və sivilizasiyaların dialoqu" mövzusunda məruzə ilə çıxış edərək Azərbaycanın multikulturalizm modelinin multikultural dəyərlər, dini dözümlülük və sivilizasiyalararası dialoqun qorunması baxımından dünyada nümunəvi təcrübə kimi qəbul olunduğunu diqqətə çatdırıb.

İ.Kunina bildirib ki, Azərbaycan tarixi boyunca müxtəlif etnik və dini icmaların sülh və qarşılıqlı hörmət şəraitində birgəyaşayış mədəniyyətini formalaşdırıb və bu ənənə bu gün dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir:

"Ölkədə müxtəlif dinlərin ibadət yerlərinin qorunması, milli-mədəni irsin bərpası, dini zəmində ayrı-seçkiliyə yol verilməməsi və müxtəlif icmaların dövlət tərəfindən dəstəklənməsi bu modelin əsas elementlərindəndir".

Qeyd edək ki, tədbir İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən Xarici İşlər, Miqrasiya və Xaricdə Yaşayan Tunislilər Nazirliyi, eləcə də BMT-nin Sivilizasiyalar Alyansı ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.

Simpoziumun açılış mərasimində bir neçə nazir və yüksək vəzifəli şəxs, üzv dövlətlərin səfirləri, beynəlxalq və regional təşkilatların nümayəndələri, eləcə də dünyanın müxtəlif ölkələrindən olan ekspertlər və mütəxəssislər iştirak edib.

Müzakirələrdə iştirakçılar Alyansın beş sütununa - təhsil, media, miqrasiya, qadınların səlahiyyətləndirilməsi və gənclərin roluna xüsusi diqqət yetirərək sivilizasiyalararası dialoqun üzləşdiyi ən aktual problemlərə toxunublar. Onlar qarşılıqlı anlaşma dəyərlərini möhkəmləndirmək və cəmiyyətlərin nifrət çıxışları və bölünməyə qarşı mübarizə aparmaq imkanlarını artırmaq üçün innovativ mexanizmlərin hazırlanmasının zəruriliyini vurğulayıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti