Səfir: Venesuela xarici çağırışlara uğurla müqavimət göstərir
- 14 oktyabr, 2025
- 11:11

Venesuelanın Bakıdakı səfirliyində "Venesuela, Latın Amerikası və Karib sülh zonası" mövzusunda konfrans keçirilib.
"Report" xəbər verir ki, tədbirdə ictimai təşkilatların nümayəndələri, jurnalistlər və digərləri iştirak edib.
Venesuelanın Azərbaycandakı səfiri Kristofer Martinez çıxışı zamanı öz ölkəsinin tarixi və müasir reallıqları haqqında danışıb. Bundan əlavə, o, Latın Amerikası və Karib regionunda sülh və əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı ölkəsinin səylərini vurğulayıb.
O, həmçinin Venesuelanın bir sıra dövlətlərin sanksiya təzyiqi nəticəsində ölkənin qarşılaşdığı çətinlikləri qeyd edib. Səfir ölkə hökumətinin suverenliyini və müstəqilliyini qorumaq niyyətlərini vurğulayıb.
Diplomatın sözlərinə görə, xarici çağırışlara baxmayaraq, Venesuela dünyanın bir çox dövləti ilə beynəlxalq tərəfdaşlığını inkişaf etdirməyə davam edir: "Bəli, bizim üçün asan olmadı. Lakin ölkəmiz bütün xarici təhdidlərə uğurla müqavimət göstərə bilib".
K.Martinez vurğulayıb ki, Venesuelanın xarici siyasət ilə bağlı əsas vəzifəsi sülh və yaxşı qonşuluq diplomatiyasının inkişafıdır: "Biz digər ölkələrlə düşmənçilik münasibətləri qurmağa can atmırıq. Venesuela sülhsevər dövlətdir. Lakin söhbət suverenliyimizdən gedəndə, biz qətiyyətli cavab verməyə hazırıq. Bəzi dövlətlər bizim sərvətlərimizə sahib olmağa çalışır. Çünki ölkəmiz zəngin təbii ehtiyatları - neft, qaz, qızıl və bir çox digər faydalı qazıntıları ilə məşhurdur".