Səfir: Ukrayna ilə Azərbaycanı çoxəsrlik əməkdaşlıq və dostluq birləşdirir
- 01 oktyabr, 2025
- 20:39

Ukrayna və Azərbaycan xalqlarını çoxəsrlik əməkdaşlıq və dostluq birləşdirir.
"Report" xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusev Ukraynanın müstəqilliyinin 34-cü ildönümü və Müdafiəçilər Günü münasibətilə təşkil olunan diplomatik qəbulda bildirib.
"Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsində ardıcıl mövqeyini yüksək qiymətləndiririk", – səfir vurğulayıb.
Qusev həmçinin qeyd edib ki, Rusiya–Ukrayna müharibəsi şəraitində bu dəstək yalnız siyasi deyil, həm də iqtisadi və humanitar baxımdan xüsusi əhəmiyyət daşıyır.
"Azərbaycanda Rusiya təcavüzündən əziyyət çəkmiş ukraynalı uşaqlar üçün reabilitasiya və sağlamlaşdırma proqramı həyata keçirilir. 2022-ci ildən bəri 402 uşaq Bakı, Qəbələ və Azərbaycanın digər bölgələrini ziyarət edib. Bu ilin aprelində isə həlak olmuş ukraynalı qəhrəmanların və əsirlərin övladları ilə birlikdə Azərbaycan və Ukraynanın ortaq konsertini təşkil etdik", – səfir bildirib.
Qusev əlavə edib ki, Azərbaycan hökuməti Ukraynada infrastrukturun və tibb müəssisələrinin bərpasına töhfə verir, həmçinin enerji təhlükəsizliyinə, dərman və ilk zəruri məhsulların tədarükünə dəstək göstərir.
"Bu, xalqlarımız arasında həmrəyliyin və qardaşlığın əsl təzahürüdür. Biz Azərbaycan rəhbərliyinə və xalqına səmimi təşəkkürümüzü bildiririk, bu dəstəyi yüksək qiymətləndiririk".
Diplomat vurğulayıb ki, ötən il ərzində Ukrayna və Azərbaycan siyasi, iqtisadi, diplomatik, mədəni və humanitar sahələrdə strateji tərəfdaşlığın inkişafı və dərinləşdirilməsində yeni uğurlar əldə ediblər.
O həmçinin söyləyib ki, iki ölkənin liderləri mütəmadi olaraq təmas saxlayır, nazirlər və parlamentlər səviyyəsində yüksək əməkdaşlıq mövcuddur.
Səfir energetika sahəsində əldə olunmuş razılaşmaların, o cümlədən "Naftoqaz" və SOCAR arasında enerji təhlükəsizliyi sahəsində müqavilənin əhəmiyyətini də vurğulayıb.
Sonda Qusev ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə ümidvar olduğunu deyib.