Səfir: Çin Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün səy göstərməyə hazırdır
- 08 sentyabr, 2025
- 15:37

Çin Azərbaycanla birlikdə iki ölkə arasında əməkdaşlığın müsbət dinamikasını qorumaq və qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün səy göstərməyə hazırdır.
"Report"un məlumatına görə, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bu gün brifinqdə bildirib.
Diplomat qeyd edib ki, Prezident İlham Əliyevin Çin Sədri Si Cinpinin dəvəti ilə 30 avqust - 3 sentyabr tarixlərində Çinə səfəri Çin və Azərbaycan arasında müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığa güclü təkan verib.
O təsdiqləyib ki, bu səfər zamanı iki ölkənin rəhbərləri Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli gücləndirilməsi məsələlərini müzakirə ediblər.
"Prezident İlham Əliyev bir neçə dəfə Çinə səfər edib və Çin Sədri Si Cinpinlə müxtəlif formatlarda 10-dan çox görüş keçirib. İki ölkənin liderləri yaxşı işgüzar münasibətlər qurub və dərin şəxsi dostluq əlaqələrini möhkəmləndiriblər. Si Cinpin Prezident İlham Əliyevi özünün çoxdankı dostu adlandırıb. Məhz iki dövlət başçısının strateji rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri artıq tarixdə ən yüksək səviyyəyə çatıb. Avqustun 31-də Prezident İlham Əliyev Çin Sədri Si Cinpinlə görüşüb. Liderlər iki ölkə arasında siyasi qarşılıqlı etimadın daha da möhkəmləndirilməsi və ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi məsələləri barədə fikir mübadiləsi aparıblar. Görüşün nəticəsi olaraq bir sıra mühüm razılaşmalar əldə olunub", - səfir bildirib.
Lu Mey əlavə edib ki, Prezident İlham Əliyev Çindən ayrılarkən ona Çin tərəfinin göstərdiyi qəbula görə təşəkkür edib.