Səfir: BƏƏ–Azərbaycan əlaqələri iki dost ölkə arasında möhkəm dostluğu əks etdirir
- 02 dekabr, 2025
- 19:39
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)–Azərbaycan əlaqələri iki dost ölkə arasında möhkəm dostluğu əks etdirir, qarşılıqlı hörmət və ortaq maraqların təmin olunmasına əsaslanır, həmçinin ortaq maraq kəsb edənən mühüm beynəlxalq məsələlərdə birgə mövqelərin formalaşdırılmasını təmin edir.
"Report" xəbər verir ki, bunu BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ölkəsinin Milli Günü münasibətilə keçirilən qəbulda deyib.
Səfir Azərbaycanla münasibətlərdən də söz açaraq bəyan edib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında ikitərəfli münasibətlər 1992-ci ildə qurulduğu gündən bəri əhəmiyyətli inkişaf mərhələsi keçib:
"Bu inkişaf iki dost ölkənin rəhbərləri arasında mövcud olan yüksək səviyyəli münasibətlərin nəticəsidir. Bu çərçivədə hər iki ölkə arasında çoxsaylı yüksəksəviyyəli qarşılıqlı səfərlər həyata keçirilib. Xüsusilə, ölkəmizin Prezidenti, Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyənin 16 sentyabr tarixində Azərbaycana etdiyi rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir.
Səfər zamanı müxtəlif sahələr üzrə 14 saziş və Anlaşma Memorandumu imzalanıb ki, bunların ən önəmlisi Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə əməkdaşlıq haqqında Sazişdir. Bu saziş çərçivəsində ilk iclas 27 noyabr tarixində Əbu-Dabidə keçirilib. Bu saziş BƏƏ–Azərbaycan əlaqələrində mühüm bir mərhələ hesab olunur və hər iki ölkənin gələcək inkişaf tələblərinə cavab verən, bilik və innovasiyaya əsaslanan çevik bir iqtisadiyyat qurmaq istiqamətində ortaq arzularını əks etdirir".