Sarayevo Bakı ilə müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalamağa ümid edir
- 12 noyabr, 2025
- 17:35
Bosniya və Herseqovina Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalamağı ümid edir.
"Report"un məlumatına görə, bu barədə Bosniyanın müdafiə naziri Zukan Helez bildirib.
Z.Helez bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüş keçirib.
"Bugünkü görüş Bosniya və Azərbaycan arasında dostluq və tərəfdaşlığı daha da dərinləşdirmək üçün ümumi istəyimizi təsdiq edir. Bu gün biz Niyyət Məktubu imzaladıq. Burada hər iki tərəf Bosniya Nazirlər Şurası ilə Azərbaycan hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması üçün hüquqi prosedurları həyata keçirməyə hazır olduğunu ifadə edib", - o bildirib.
Onun sözlərinə görə, tərəflər bu gün həmçinin iki ölkə arasında 2026-cı il üçün İkitərəfli hərbi əməkdaşlıq Planını imzalayıblar ki, bu da müdafiə sahəsində birgə fəaliyyətləri müəyyən edir. Plan birgə təlimləri, təcrübə mübadiləsini və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, regional və beynəlxalq təhlükəsizliyə töhfə vermək məqsədi ilə səfərləri əhatə edir.
Z.Helez əlavə edib ki, əməkdaşlıq yeni müqavilələrin bağlanması və istehsalın artırılması üçün böyük potensiala malikdir, bu da müdafiə imkanlarının inkişafına və Bakı ilə Sarayevo arasında iqtisadi əlaqələrin gücləndirilməsinə kömək edəcək: "Əminəm ki, bu günkü danışıqlar, eləcə də imzalanmış sənədlər ölkələrimiz arasında iqtisadi əməkdaşlığı və tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirəcək".