Rusiyanın "kompensasiya" açıqlaması Azərbaycan tərəfinin tələb etdiyi dövlət kompensasiyası deyil – RƏY
- 05 sentyabr, 2025
- 14:42

Rusiyanın Azərbaycan Hava Yolları (AZAL) ilə bağlı "kompensasiya" açıqlaması əslində manipulyativ xarakter daşıyır və ictimai rəyi çaşdırmaq cəhdidir.
Bunu "Report"a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.
O qeyd edib ki, söhbət Azərbaycan tərəfinin tələb etdiyi dövlət kompensasiyasından getmir:
"Rusiya tərəfindən təqdim edilən məbləğlər qəza nəticəsində həlak olmuş və yaralanmış sərnişinlərin fərdi sığorta müqavilələri üzrə ödənişlərdir. Bu, beynəlxalq aviasiya təcrübəsində tamamilə normal mexanizmdir. Hər bir sərnişin şəxsi həyat sığortası ilə, hava gəmisinin özü isə korporativ sığorta ilə təmin olunur və qəza baş verdikdə sığorta şirkətləri müvafiq ödənişləri həyata keçirir".
Onun fikrincə, bu, hüquqi baxımdan Rusiya dövlətinin məsuliyyətini qəbul etməsi anlamına gəlmir.
"Fakt odur ki, rəsmi Moskva hələ də AZAL təyyarəsindəki sərnişinlərin başına gələn faciəyə görə məsuliyyət daşımadığını açıq şəkildə göstərir və rəsmi kompensasiya ödəməyib", - Ü.Zülfiqar deyib.

Siyasi şərhçi vurğulayıb ki, bu fonda Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın son açıqlaması da diqqət çəkir.
"O, Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılmasını iki ölkə münasibətlərinin yaxşılaşması üçün mühüm addım kimi təqdim edib. Əslində isə bu, Moskvanın şərt irəli sürməsi kimi dəyərləndirilə bilər. Çünki problemlərin kökü daha dərinlərdədir. Yekaterinburqda soydaşlarımızın başlarına gələn dəhşətli hadisələr, azərbaycanlı miqrantlara qarşı təzyiqlər, deportasiyalar, onların bizneslərinin əlindən alınması və hüquqlarının pozulması halları hələ də davam edir. Bu isə təkcə ikitərəfli münasibətlərdə gərginlik yaratmır, həm də Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurur".
Ü.Zülfiqar bildirib ki, burada əsas rolun Rusiya Xarici İşlər Nazirliyi ilə yanaşı, Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi tərəfindən oynandığını görmək mümkündür.
"Yəni məsələ təkcə diplomatik ritorika ilə məhdudlaşmır, eyni zamanda hüquq-mühafizə və xüsusi xidmət orqanlarının koordinasiyalı fəaliyyəti nəticəsində daha kompleks xarakter daşıyır. Bu isə onu göstərir ki, Moskva Azərbaycanla münasibətlərdə bir tərəfdən simvolik jestlər etmək istəsə də, digər tərəfdən təzyiq rıçaqlarını əlində saxlamağa çalışır. Beləliklə, həm "kompensasiya" açıqlamasının, həm də Zaxarovanın bəyanatının Kremlin klassik diplomatik taktikasının tərkib hissəsi olduğunu görmək elə də çətin deyil".