Rafael Hüseynov: Ukraynanın Müdafiəçiləri Günü xüsusi rəmzi məna daşıyır
- 01 oktyabr, 2025
- 20:13

Ukraynanın müdafiəçiləri günü xüsusi rəmzi məna daşıyır.
"Report"un məlumatına görə, bunu Milli Məclisin sədr müavini Rafael Hüseynov Ukraynanın müstəqilliyinin 34-cü ildönümü və Müdafiəçilər Günü münasibətilə təşkil olunan diplomatik qəbulda bildirib.
O qeyd edib ki, bu bayram bu gün vətən qarşısında fədakarlıq, azadlıq və müstəqillik uğrunda mübarizə aparan insanların şücaətinə hörmət və ehtiramın təcəssümüdür:
"Azərbaycan xalqı olaraq biz yaxşı bilirik ki, müstəqillik və ərazi bütövlüyü hər bir xalq üçün necə müqəddəsdir. Bu dəyərləri qorumaq uğrunda göstərilən qəhrəmanlıq ən yüksək qiymətə layiqdir".
Vitse-spiker vurğulayıb ki, Azərbaycan ilə Ukrayna arasında dostluq və əməkdaşlıq münasibətləri dərin tarixi köklərə malikdir.
"Müstəqillik illərində ölkələrimiz siyasi, iqtisadi, humanitar sahələrdə sıx əməkdaşlıq etmiş, beynəlxalq təşkilatlar çərçivəsində həmişə bir birini dəstəkləyiblər. Bu gün də ölkələrimizi qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq ruhu birləşdirir. Hazırda bu sağlam əsaslar üzərində qurulmuçş münasibətlər inkişaf edir və yeni məzmunla zənginləşir. Məhz Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyevin və Volodimir Zelenskinin görüşləri, imzalanan sənədlər və birgə bəyanatlar ölkələr arasında münasibətlərin möhkəm təməllərini yaradıb. Ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir", - o əlavə edib.