Qazaxıstan Senatının sədri: TÜRKPA Türk xalqlarının inteqrasiyasında xüsusi yer tutur
- 17 oktyabr, 2025
- 17:01
Qazaxıstan Senatının sədri Maulen Aşimbayev oktyabrın 17-də Astanada bu ölkədə rəsmi səfərdə olan Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi, səfir Ramil Həsəni qəbul edib.
Bu barədə "Report"a TÜRKPA-dan məlumat verilib.
R.Həsən bu ilin iyun ayında Astanada bir sıra model qanunların və bəyannamənin qəbul edildiyi TÜRKPA-nın plenar iclasının uğurla keçirilməsini yüksək qiymətləndirib.
M.Aşimbayev isə TÜRKPA-nın türk parlamentləri arasında dinamizm və konstruktiv qarşılıqlı fəaliyyətin yeni mərhələsinə daxil olmasından əminliyini ifadə edib. Onun sözlərinə görə, TÜRKPA üzv ölkələr arasında parlamentlərarası dialoqun gücləndirilməsi və qanunvericilik təşəbbüslərin əlaqələndirilməsi üçün mühüm platforma kimi xidmət edərək türklərin inteqrasiyası sistemində xüsusi yer tutur. M.Aşimbayev TÜRKPA-nın üzv dövlətlər arasında qanunvericiliyin uyğunlaşdırılması istiqamətində davam edən səylərini türk dünyasında daha dərin inteqrasiya yolunda mühüm addım kimi vurğulayıb.
Eyni zamanda, tərəflər Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilmiş Zirvə görüşünün yekunlarını və quruma üzv dövlətlər arasında iqtisadiyyatın əsas sektorları üzrə inteqrasiyanı dərinləşdirmək, beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyi gücləndirmək, regional təhlükəsizliyi təşviq etmək, mədəni və humanitar əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyan Qəbələ Bəyannaməsinin əsas məqamlarını müzakirə ediblər.
M.Aşimbayev Qazaxıstanın TÜRKPA-nın hazırkı sədri olaraq təşkilatın türk dövlətləri və xalqlarının ümumi maraqları və rifahına xidmət etməyə yönəlmiş təşəbbüslərinə tam dəstək göstərməyə hazır olduğunu vurğulayıb.