Qazaxıstanlı ekspert: TDT qlobal proseslərə töhfə verə bilər
- 29 sentyabr, 2025
- 09:41

Türk Dövlətləri Təşkilatı (TDT) qlobal proseslər töhfə verə bilər.
"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidentinin yanında Strateji Tədqiqatlar İnstitutunun direktoru Jandos Şaymardanov Bakıda "Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi" mövzusunda keçirilən konfransda söyləyib.
Onun sözlərinə görə, TDT qlobal qeyri-müəyyənlik dövründə sülh və sabitliyi təmin etməyə xidmət göstərən bir təşkilatdır:
"Qazaxıstan TDT-yə məhz bu prizmadan baxır. Bizim ölkə özünü hər zaman dialoq üçün meydan kimi görüb. Hesab edirəm ki, TDT bu kimi missiyaları daha da dərinləşdirə, siyasi təhlükəsizlik və güvənliyi təmin edə bilər. Yəni biz göstərə bilərik ki, qlobal proseslərdə sadəcə müşahidəçi deyilik, prosesə töhfə verə də bilərik".
Direktor Azərbaycanla Ermənistan arasındakı Vaşinqton görüşünə də toxunub:
"Bu proses bizim üçün müştərək dəhlizin yaranması ilə yanaşı, sülh və sabitliyin də təminatını verir. Sərhədlər açıldıqca münaqişə və digər neqativ halların ehtimalı azalır. Bizim üçün bu, türk sülh dəhlizi adlana bilər".