Pekin və Bakı ikitərəfli əməkdaşlıq üçün böyük potensiala malikdir

Xarici siyasət
  • 08 sentyabr, 2025
  • 15:42
Pekin və Bakı ikitərəfli əməkdaşlıq üçün böyük potensiala malikdir

Çinin Azərbaycandakı səfiri Lu Mey əmindir ki, Pekin və Bakı əməkdaşlıq üçün böyük perspektivlərə və potensiala malikdir.

"Report"un məlumatına görə, bu barədə diplomat bu gün brifinqdə bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə son səfəri zamanı (30 avqust - 3 sentyabr tarixlərində - red.) iki ölkənin liderlərinin praqmatik əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıqlarını xatırladıb.

"Çin Sədri Si Cinpin qeyd edib ki, milli inkişaf strategiyalarının uyğunlaşdırılmasını aktivləşdirmək, "Bir kəmər, bir yol" çərçivəsində yüksək keyfiyyətli əməkdaşlığı inkişaf etdirmək, ticarət və investisiyaların sadələşdirilməsinə töhfə vermək, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) buraxılış qabiliyyətini daim artırmaq, infrastruktur, kənd təsərrüfatı və energetika kimi ənənəvi sahələrdə əməkdaşlığı genişləndirmək, eyni zamanda rəqəmsal iqtisadiyyat, "yaşıl inkişaf" və süni intellekt kimi yeni sahələrdə qarşılıqlı fəaliyyət göstərmək vacibdir", - Lu Mey qeyd edib.

Səfir təhsil, elmi-texniki, mədəni, turizm, gənclər və regionlararası əməkdaşlığın ikitərəfli münasibətlər üçün möhkəm təməl yaratmaq məqsədilə gücləndirilməsinin vacibliyini vurğulayıb.

"Gələcəyə baxdıqda, Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının geniş perspektivlərə və böyük ümidlərə malik olduğunu söyləmək olar. Çin tərəfi Azərbaycan tərəfi ilə birgə işləməyə və ikitərəfli münasibətlərin daha da inkişafına töhfə vermək üçün bütün mövcud razılaşmaların uğurla həyata keçirilməsi üçün bütün səylərini göstərməyə hazırdır", - diplomat əlavə edib.