Özbəkistan və Azərbaycan 2026-cı ilin ikinci yarısında növbəti siyasi məsləhətləşmələr keçirəcək - EKSKLÜZİV
- 02 dekabr, 2025
- 15:05
Özbəkistan və Azərbaycanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu 2026-cı ilin ikinci yarısında keçiriləcək.
Bu barədə "Report"a Özbəkistan xarici işlər nazirinin müşaviri, xarici siyasət idarəsinin mətbuat katibi Axror Burxanov bildirib.
"Özbəkistan və Azərbaycanın Xarici İşlər nazirlikləri arasında 2025-2026-cı illər üzrə əməkdaşlıq Proqramına əsasən, növbəti siyasi məsləhətləşmələr raundunun 2026-cı ilin ikinci yarısında Daşkənd şəhərində keçirilməsi planlaşdırılıb", - o qeyd edib.
A.Burxanovun sözlərinə görə, Özbəkistan Azərbaycanı sadəcə tərəfdaş deyil, qardaş ölkə, yaxın dost və etibarlı müttəfiq kimi görür:
"İki ölkəni ortaq tarixi köklər, mənəvi yaxınlıq və oxşar strateji məqsədlər birləşdirir. İki dövlətin liderlərinin şəxsi dostluğu və qarşılıqlı etimadı sayəsində bu gün Özbəkistan-Azərbaycan münasibətləri misli görünməmiş yüksəliş dövrünü yaşayır".
"Əminik ki, inkişafa birgə can atmağımız və yeni təşəbbüslərə açıq olmağımız sayəsində əməkdaşlığımız daha da möhkəmlənəcək və uğurlu strateji tərəfdaşlığın ən parlaq nümunələrindən birinə çevriləcək", - müşavir əlavə edib.