Özbəkistan MDB-də əməkdaşlığın möhkəmləndirilməsi üzrə bir sıra təşəbbüslər irəli sürüb
- 10 oktyabr, 2025
- 14:26

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında çoxtərəfli qarşılıqlı əlaqənin səmərəliliyinin artırılmasına və Birlik ölkələrinin iqtisadiyyatlarının dayanıqlılığının möhkəmləndirilməsinə yönəlmiş bir sıra təkliflərlə çıxış edib.
"Report" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Şavkat Mirziyoyev aşağıdakı təklifləri irəli sürüb:
- Bütün nəqliyyat növləri ilə inteqrasiya olunmuş informasiya-logistika mərkəzlərinin yaradılması;
- Özbəkistanda nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinə həsr olunmuş MDB ölkələri konfransının keçirilməsi;
- Xüsusi iqtisadi zonaların dəstəklənməsi və inkişafı üzrə "yol xəritəsi"nin hazırlanması, startapların və innovasiyaların irəlilədilməsi üçün MDB vençur platformasının yaradılması;
- Daşkənddə "İNNOPROM" sərgisi çərçivəsində MDB İnnovasiya Sənaye Forumunun keçirilməsi;
- MDB energetika sektorunun innovativ inkişaf proqramının hazırlanması, ənənəvi və "yaşıl enerji" sahəsində birgə layihələrin həyata keçirilməsi;
- Həmin sahələrdə praktiki fəaliyyətlər üzrə çoxtərəfli planın hazırlanması;
- Əməkdaşlığın genişləndirilməsi, diplomların qarşılıqlı tanınması haqqında yeni dövlətlərarası razılaşmanın hazırlanması;
- Xivədə MDB Gənclər Forumunun keçirilməsi və Gənclər üçün İnnovasiya Laboratoriyasının yaradılması;
- MDB ölkələrinin xarici siyasət qurumları və xüsusi xidmətləri arasında əlaqələndirmənin gücləndirilməsi.