Nazir: Pakistan Azərbaycanın D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsünü dəstəkləyir

Xarici siyasət
  • 21 noyabr, 2025
  • 11:06
Nazir: Pakistan Azərbaycanın D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsünü dəstəkləyir

Pakistan Azərbaycanın D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsünü müsbət qiymətləndirir.

"Report"un məlumatına görə, bu barədə Pakistanın informasiya və televiziya-radio yayımı üzrə federal naziri Attaulla Tarar Bakıda keçirilən "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda D-8 Media Forumunda bildirib.

"D-8 Media Forumu kollektiv fəaliyyət üçün güclü platforma yaradır. Üzv dövlətlərimiz təcrübə mübadiləsindən, razılaşdırılmış strategiyalardan və birgə təşəbbüslərdən əhəmiyyətli fayda əldə edə bilər. Bu baxımdan bir neçə əməkdaşlıq istiqamətini təklif etmək istərdim.

Azərbaycan hökuməti tərəfindən təşəbbüs edilmiş Media Mükəmməllik Mərkəzinin yaradılması uzun müddətdir gözlədiyimiz bir addımdır. Biz bunu yüksək qiymətləndiririk və əməkdaşlığa hazırıq. Müvafiq nazirliklərin və media ekspertlərinin nümayəndələrindən ibarət birgə işçi qrupun yaradılmasını təklif edirəm. Bu qrup davamlı bilik mübadiləsini təmin ermək üçün mütəmadi olaraq, o cümlədən onlayn formatda toplana bilərdi", - o qeyd edib.

A.Tarrar həmçinin böhran vəziyyətlərinin işıqlandırılması, rəqəmsal kriminalistika və dezinformasiya ilə mübarizə metodları üzrə birgə təlimlər və seminarların təşkilini təklif edib:

"Bizə faktların yoxlanılması üzrə vahid mexanizm lazımdır. Bundan əlavə, gələcək fəaliyyət planımızı müəyyənləşdirəcək və təşkilat ölkələri arasında tərəfdaşlığın genişləndirilməsi üçün KİV sahəsində əməkdaşlıq haqqında bəyannamənin qəbulunu təklif edirəm".

O, təklif etdiyi sənədin jurnalistlər və iştirakçı dövlətlərin profil nazirlikləri üçün gələcək işin istiqamətini müəyyən edə biləcəyini də söyləyib:

"Eyni zamanda, D-8 Media Forumu çərçivəsində sosial şəbəkələrdə xüsusi bölmələrin yaradılmasını məqsədəuyğun hesab edirəm. Burada ölkələr iqtisadi inkişaf ideyalarını təşviq edə, ictimai əhvali-ruhiyyəni gücləndirə, islamofobiya və terrorizmə qarşı mübarizə apara və birgə irəliləyişimizə dair hekayələr bölüşə bilərlər".

Son xəbərlər

Bütün Xəbər Lenti