Mərakeşli nazir: Əmək bazarının rəqəmsallaşdırılması Azərbaycanla əməkdaşlıqda prioritet olacaq

Xarici siyasət
  • 23 sentyabr, 2025
  • 12:36
Mərakeşli nazir: Əmək bazarının rəqəmsallaşdırılması Azərbaycanla əməkdaşlıqda prioritet olacaq

Əmək bazarının rəqəmsallaşdırılması və iqtisadiyyatın yeni sektorları Mərakeşin Azərbaycanla əməkdaşlığında prioritet olacaq.

"Report" xəbər verir ki, bunu Mərakeşin iqtisadi inteqrasiya və kiçik müəssisələr naziri Yunes Sekkuri Bakıda İslam Əmək Mərkəzinin İcraiyyə Şurasının iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Nazir bəyan edib ki, ən yaxın əməkdaşlıq planları 2026 və 2028-ci illəri əhatə edir və əsas diqqət əmək bazarının rəqəmsallaşdırılması, süni intellektin inkişafına yönəldiləcək.

Onun sözlərinə görə, qlobal dəyişikliklər şəraitində gənclərin ixtisas və bacarıqlarının artırılmasına, eləcə də ixtisaslaşmış kadr hazırlığı proqramlarının yaradılmasına xüsusi diqqət yetirilməlidir.

Y.Sekkuri İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında təcrübə mübadiləsinin vacibliyini də vurğulayıb.

"Mərakeşdə avtomobil sənayesi aparıcı sektorlardan biridir - ilin sonuna qədər ölkə 1 milyon avtomobil, o cümlədən elektromobil ixrac etməyi planlaşdırır. Aviasiya sektorunun gəlirləri 22 milyard dolları üstələyir. Eyni zamanda, Azərbaycan digər sahələrdə, o cümlədən neft-qaz sahəsində böyük imkanlara malikdir. Təcrübə mübadiləsi və birgə investisiyalar yeni nəsil mütəxəssislər hazırlamağa və çevik əmək bazarı formalaşdırmağa kömək edəcək", - nazir qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti