Marta Kos: Cənubi Qafqazda sülh ticarət yollarının bərpasına imkan verəcək - EKSKLÜZİV

Xarici siyasət
  • 20 oktyabr, 2025
  • 15:01
Marta Kos: Cənubi Qafqazda sülh ticarət yollarının bərpasına imkan verəcək - EKSKLÜZİV

Azərbaycan və Ermənistan arasında sülh prosesinin nizamlanmasında irəliləyiş regionun siyasi-iqtisadi mənzərəsini dəyişməyə imkan verəcək.

Bu barədə "Report"un Avropa bürosuna Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib.

Bir müddət əvvəl regional turnedən qayıtmış komissarın sözlərinə görə, onilliklər boyu ilk dəfədir ki, region Avropanı və Asiyanı birləşdirən ticarət və nəqliyyat yollarını açmaq üçün real imkan əldə edir.

"Avropadan Çin sərhədlərinə qədər ölkələr bu anın əhəmiyyətini dərk edirlər. Bu gün onların hamısı burada, Lüksemburqda toplaşıblar. Bu, ilk dəfə baş verir", - M.Kos vurğulayıb.

Bu gün Lüksemburqda nazirlərin regional təhlükəsizlik və regionlararası əlaqəlilik məsələləri üzrə görüşü keçirilir, Azərbaycanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edir.

Komissar qeyd edib ki, Aİ dövlətləri daha çox fəaliyyət azadlığı və ticarət imkanları, enerji mənbələrini və rəqəmsal məlumatların ötürülməsi üsullarını seçmək üçün yeni bir qarşılıqlı əlaqə infrastrukturu yaratmaq niyyətindədirlər:

"Bu, bu marşrutda olan hər kəs üçün daha çox müstəqillik deməkdir. Bizim işimiz sülhə töhfədir. Konkret əməkdaşlıq, qarşılıqlı əlaqəli bazarlar və bir-biri ilə bağlı cəmiyyətlər Cənubi Qafqazda uzunmüddətli sabitliyi və rifahı gücləndirə bilər. Lüksemburqdakı görüş yalnız ilk addımdır. Bunu noyabrda Birləşmiş Ştatların iştirakı ilə investisiya forumu izləyəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti