Madriddə Azərbaycanın Zəfər Günü qeyd olunub
- 07 noyabr, 2025
- 10:01
Madriddə Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və qəbul keçirilib.
Səfirlikdən "Report"a verilən məlumata görə, tədbirdə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi diplomatları, dövlət qurumlarının rəsmiləri, parlamentarilər, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycan icmasının üzvləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov çıxışında noyabrın 8-nin Azərbaycan xalqının yaddaşında ədalətin bərpa olunduğu, ərazi bütövlüyünün təmin edildiyi əlamətdar gün kimi qaldığını vurğulayıb.
O, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsinə və otuz ilə yaxın davam edən münaqişəyə son qoymasına xüsusi diqqət çəkib.
Səfir 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyanat və sülh sazişinin paraflanmasının bölgədə barışıq və normallaşma istiqamətində atılmış ən mühüm addım olduğunu qeyd edib.
Çıxışların ardınca tədbir bədii hissə ilə davam etdirilib.
"Sülhün səsi" adlı konsert proqramında Azərbaycanın tanınmış tarzəni, Əməkdar artist Şəhriyar İmanov və pianoçu, caz ustası, bəstəkar Etibar Əsədli zəngin musiqi proqramı ilə çıxış ediblər.