Azərbaycanla Türkiyə insan hüquq və azadlıqlarını müzakirə edib
- 30 sentyabr, 2025
- 16:04

Azərbaycanda səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK)-in sədri Fəxrəddin Altunun başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib.
Bu barədə "Report"a Konstitusiya Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verərək Azərbaycan – Türkiyə əlaqələrinin, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslandığını bildirib.
Sədr vurğulayıb ki, iki qardaş ölkə arasında sarsılmaz münasibətlər Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində durmadan inkişaf edir. Böyük geosiyasi və iqtisadi potensiala malik dövlətlərin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq əməkdaşlığının inkişafının daha da gücləndirilməsinə yönəlib.
Daha sonra Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Fəxrəddin Altun yüksək qonaqpərvərliyə görə Konstitusiya Məhkəməsinin sədrinə minnətdarlığını ifadə edib. O bildirib ki, ölkələr arasında bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də sıx əməkdaşlıq qarşılıqlı dəstək və anlaşma əsasında uğurla inkişaf edəcək.
Söhbət zamanı geniş fikir mübadiləsi aparılıb, insan hüquq və azadlıqlarının qorunması və digər hüquqi məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.