Zəhra Pezeşkian: İranda uşaqların onlayn istismarının qarşısının alınması istiqamətində işlərə başlanıb
- 23 dekabr, 2025
- 11:45
İranda yetkinlik yaşına çatmayan uşaqların internetdə yaşlarına uyğun olmayan məlumatlara daxil olmasının qarşısını almaq üçün yaş təsdiqi sistemi hazırlanır.
"Report" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Bakıda "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusundakı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, İran qanunvericiliyində onlayn təcavüz, istismar və uşaqların şəxsi həyatının pozulması cinayət hesab olunur:
"Yetkinlik yaşına çatmamışların yaşına uyğun gəlməyən məlumatlara daxil olmasının qarşısını almaq üçün yaş təsdiqi sistemi hazırlanır. Eyni zamanda, valideynlər uşaqlarının onlayn təhlükəsizliyini təmin etmək üçün monitorinq proqramları və nəzarət vasitələri ilə təmin olunur. Uşaqların kiberməkanlarda əmək hüquqları ilə bağlı qanun boşluqlarının aradan qaldırılması və onların onlayn istismarının qarşısının alınması istiqamətində işlərə başlanıb".
Z.Pezeşkian onu da qeyd edib ki, müəyyən çətinliklər hələ də qalmaqdadır:
"Xüsusilə, sürətlə dəyişən texnologiya ilə ayaqlaşmaq və qanunvericilik boşluqlarını aradan qaldırmaq sahəsində çətinliklər mövcuddur. Uşaqların məlumatlarının icazəsiz toplanması, zorakı məzmuna məruz qalması və inkişaf etməkdə olan ölkələrdə uşaqlar arasında rəqəmsal uçurum güclü beynəlxalq çərçivələrə ehtiyacın olduğunu göstərir".