İran nümayəndəsi: Ərdəbil gələn il hidroturizm konfransına ev sahibliyi etməyə hazırdır

Xarici siyasət
  • 29 oktyabr, 2025
  • 11:24
İran nümayəndəsi: Ərdəbil gələn il hidroturizm konfransına ev sahibliyi etməyə hazırdır

Ərdəbil gələn il hidroturizm konfransına ev sahibliyi etməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Ərdəbil əyalətinin mədəni irs, turizm və sənətkarlıq üzrə baş direktoru Cəlil Cabbari Şəkidə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin İpək Yolu üzrə İşçi Qrupunun birinci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İpək Yolunu dünyanın zəngin və cəlbedici turizm marşrutlarından biri etmək mümkündür:

"Tarixi İpək Yolu təkcə ticarət marşrutu deyil, həm də sivilizasiyalararası mübadilə və əməkdaşlığın simvolu idi. Birgə brendinq sadəcə strategiya deyil, zərurətdir. Reklam, marketinq və kontent istehsalında əməkdaşlıq xərcləri azaldacaq və əhatə dairəmizi əhəmiyyətli dərəcədə genişləndirəcək".

Onun fikrincə, bu kontekstdə "ECO - Silk Road" turizm istiqaməti üzrə illik müsabiqə ən yaxşı təcrübələrin tanıdılması və təşviqi üçün güclü bir vasitədir.

C.Cabbari, həmçinin bildirib ki, ECO üzvləri arasında hidroterapiya üzrə əməkdaşlıq şəbəkəsi yaradılması və bu istiqamətin əhəmiyyətinin artırılması da planlaşdırılır:

"Ərdəbil vilayəti 2026-cı ilin birinci yarısında xüsusi işçi qrupunun yaradılması və tədqiqatların aparılması məqsədilə hidroturizm konfransına ev sahibliyi etməyə hazırdır. Gələcək təkliflər və fəaliyyətlər sırasında əl sənəti ixracının təşviqi, yerli sənət nümunələrinin beynəlxalq platformalarda tanıdılması, vahid səyahət paketlərinin hazırlanması, İpək Yolu brendinin formalaşdırılması, turizm siyasətlərinin rəqəmsal transformasiya və davamlı inkişaf strategiyası ilə əlaqələndirilməsi və ən yaxşı "davamlı istiqamət", "mümkün istiqamət", "ortaq istiqamət" kimi nominasiyaların elan edilməsi yer alır".

Son xəbərlər

Bütün Xəbər Lenti