Azərbaycanın regional və qlobal proseslərdəki rolu dünya tərəfindən dəyərləndirilir - RƏY
- 13 oktyabr, 2025
- 18:08

Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın regional və qlobal təhlükəsizlik məsələlərindəki artan rolunu göstərir.
Bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Sultan Zahidov deyib.
O qeyd edib ki, Azərbaycan Qəzza böhranı başlayan ilk vaxtlardan məsələnin ədalətli həlli üçün çalışan ölkələrdən biri olub:
"Bu mövqe dünya dövlətlərinin diqqətindən kənarda qala bilməzdi. Məhz bu səbəbdən də həm ABŞ, həm də Misir Prezidenti Azərbaycan liderini tədbirə dəvət etdi. Əsas məsələ sammitin müsbət nəticələrlə yekunlaşması, Yaxın və Orta Şərqdə əsrlərdir mövcud olmayan sabitlik və təhlükəsizliyin təmin olunmasıdır".

Siyasi şərhçi diqqətə çatdırıb ki, Azərbaycan bu günə kimi necə çalışıbsa, bundan sonra səylərini davam etdirəcək:
"Yaxın Şərq Sülh Sammiti qlobal miqyasda da çox böyük əhəmiyyətə malikdir. Çünki sammitdə atəşkəsdən sonra Qəzzanın yenidən qurulması və inkişafı istiqamətində yol xəritələri cızılacaq. Prezident İlham Əliyevin də bu prosesdə iştirak etməsi Azərbaycanın regional və qlobal proseslərinin həllində iştirak edən dövlətə çevrildiyini bir daha sübut edir. Dövlət başçısının bu ay fərqli coğrafiyalarda - Avropa Siyasi Birliyinin Kopenhagen sammiti, Türk Dövlətləri Təşkilatının Qəbələ sammiti, MDB-nin Düşənbə sammitində iştirak edib. Bütün bu tədbirlərdə dövlət başçısının iştirak etməsi və gündəlik formalaşdırması, prosesləri aktiv şəkildə müzakirə etməsi onu göstərir ki, Azərbaycan sözün əsl mənasında dünyadaki məsələlərin həllində ciddi şəkildə iştirak edən dövlətlərdən birinə çevrilib".
S.Zahidov bu prosesin uzun müddətdir davam etdiyini və Azərbaycanın beynəlxalq arenada nüfuzunu daha da artırdığını vurğulayıb:
"Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycanın təşəbbüsü ilə BMT-yə peyvənd diskriminasiyasına qarşı tədbirlərlə bağlı təkliflər irəli sürülmüşdü və həmin təkliflər BMT Baş Assambleyası tərəfindən qəbul edilmişdi. Həmin dönəm Azərbaycan bir çox ölkələrə peyvənd və humanitar yardımlar göstərmişdi. Elə o dövrdən Azərbaycanın regional və qlobal tədbirlərdə aktiv şəkildə iştirak etməsi, o cümlədən COP29 kimi böyük tədbirlərin ev sahibi olması onun artan nüfuzunun, beynəlxalq statusunun və etibarının göstəricidir. Bu, o deməkdir ki, bu gün dünya ölkələri Azərbaycana, regional və qlobal problemin həllində iştirakına etibar edirlər. Çünki Azərbaycanın bu günə kimi mövqeyi həmişə beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanıb".
O bildirib ki, Azərbaycanın strateji əhəmiyyəti, regional və qlobal proseslərdəki rolu dünya tərəfindən də dəyərləndirilir:
"Azərbaycan Şimal-Cənub, Qərb-Şərq nəqliyyat kommunikasiya xətlərinin qovşağında yerləşən strateji əhəmiyyətli bir ölkədir. Bu gün Azərbaycanın da daxil olduğu Orta Dəhliz vasitəsilə Çin və Avropa arasında yükdaşımalar təhlükəsiz şəraitdə həyata keçirilir. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, xüsusilə də Rusiya-Ukrayna müharibəsində rolu daha da artıb. Yaxın və Orta Şərqdəki proseslərin nizamlanmasında da ölkəmiz böyük səy göstərməkdədir. Elə İsrail və Suriya, həmçinin İsrail və Türkiyə nümayəndələrinin Azərbaycanda görüşməsi də ölkəmizin fərqli coğrafiyalarda sülh, sabitlik üçün çalışdığını göstərir".