III beynəlxalq konfrans çərçivəsində beynəlxalq əməkdaşlıq müzakirə olunub

Xarici siyasət
  • 05 dekabr, 2025
  • 15:46
III beynəlxalq konfrans çərçivəsində beynəlxalq əməkdaşlıq müzakirə olunub

Bakıda "Mədəni irs və qayıdış hüququ" mövzusunda baş tutan III beynəlxalq konfrans çərçivəsində "Beynəlxalq əməkdaşlıq: qlobal dəstəyin səfərbər olunması" adlı panel sessiyası keçirilib.

"Report" xəbər verir ki, Türkiyə Milli Müdafiə Universitetinin Quru Qoşunları Hərbi Məktəbinin dekanı İbrahim Ethem Atnur Ermənistanın mövcud xəritəsini üzərindən nümunələrlə çıxış edərək tarixə nəzər salıb.

"Bu ərazilərdə bir vaxtlar azərbaycanlılar yaşayıb və indi onlar öz yurdlarına qayıtmaları ilə yanaşı, mədəni irslərinin də bərpasını tələb etməlidirlər. Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası təkcə tarixi ədalətin deyil, həm də regionda dayanıqlı sülh və barışın bərqərar olması üçün mühüm şərtdir", - o qeyd edib.

Almaniyanın "BWA" Qlobal İqtisadi Şəbəkəsinin federal idarəedici direktoru Urs Emil Unkauf deyib ki, Qərbi Azərbaycana qayıdış Konsepsiyası üzrə beynəlxalq əməkdaşlıqlar qurulmalıdır:

"Mədəni irsin qlobal normalarla bərpası üçün beynəlxalq əməkdaşlıqlar vacibdir. Beynəlxalq faktlar, araşdırmalar Qərbi Azərbaycana qayıdışa töhfə verəcək. Vətəndaş cəmiyyətlərinin də bu işə cəlbi prosesə müsbət təsir edəcək".

Latviyanın Nəqliyyat və Telekommunikasiya İnstitutunun professoru Juris Maklakovs bildirib ki, mədəni irsin məhvi təkcə irsə deyil, tarixi həqiqətə və insan ləyaqətinə hücumdur:

"Heç bir aktor sistematik silinməni təkbaşına həll edə bilməz. İrsin bərpası qlobal səviyyədə koordinasiyalı səylər tələb edir. Təhsil qurumları, tədqiqat mərkəzləri bu işə cəlb edilə bilər. Ərazilərə peyklərlə, dronlarla nəzarət edilməsi prosesə dəstək ola bilər. Dövlətlər, institutlar, akademiya və QHT-lər də bu mövzuda əsas rollara malikdir".

Qırğız Milli Universitetinin Türk İrsi Mərkəzinin rəhbəri Kairat Osmonaliyev barışıq və sülh üçün ədalətli bərpanı vacib saydığını qeyd edib:

"Xüsusilə, dini simvolizmə qarşı yönəlmiş dini obyektlərin dağıdılması faktı olduqca hiddət doğurur. Məlum təhqir halları var idi. Məsələn, bu məkanların heyvanlar üçün tövlə kimi istifadə olunması. Bu isə güclü simvolik antimüsəlman aksiyası kimi düşünülmüş, azərbaycanlılara və ümumilikdə, müsəlmanlara xüsusi təhqir məqsədi daşıyırdı. Bu kontekstdə hər hansı ədalətdən danışmaq olarmı? Heç kim münaqişələrdən sığortalanmayıb. Lakin bərpa ədalətli şəkildə olmalıdır".

Son xəbərlər

Bütün Xəbər Lenti